Gəncənin 4 min ildən çox yaşı olduğunu Misir arxeoloqları da təsdiqləyib

Gəncənin 4 min ildən çox yaşı olduğunu Misir arxeoloqları da təsdiqləyib
# 15 aprel 2013 08:04 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Elmi Bölməsinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə məlumat verib.

Onun sözlərinə görə, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldinin rəhbərliyi ilə qədim Gəncə ərazisindən toplanan nümunələr Misirinin Arxeologiya Mərkəzinə aparılıb və orada tədqiqatlara başlanılıb.

“Biz Misirə Gəncə Dövlət Diyarşünaslıq Muzeyində saxlanılan, Hummer qardaşlarının Gəncə çayı vadisindən topladıqları sənətkarlıq, dulusçuluq nümunələri və zinət əşyaları göndərdik. Misir arxeoloqları Gəncənin yaşının 4 min ildən də artıq olduğunu analizlərlə təsdiq etdilər”.

Samir Pişnamazzadənin sözlərinə görə, Gəncənin yaşı ilə əlaqədar ilk analizlər ABŞ-ın Smitson İnstitutu tərəfindən aparılıb: “Gəncənin ən qədim hissəsi olan Zurnabad deyilən ərazidə qala divarının daşlarını bir-birinə birləşdirən yapışdırıcı maddədən nümunə götürülüb və Smitson İnstitutuna kimyəvi analizə göndərilib. Smitson İnstitutunun laboratoriyasının nəticəsinə əsasən, Gəncənin 4 min il yaşının olması qənaətinə gəlinib”.

S. Pişnamazzadə bildirib ki, aprelin 25–də ABŞ-dan arxeoloji tədqiqat briqadası Gəncəyə gələcək və şəhərin yaşı ilə bağlı tədqiqat işləri aparacaqlar.

Qeyd edək ki, indiyədək Gəncənin 2500 illik tarixə malik olduğu bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR