Arif Hacılı: “İsa Qəmbərin tutduğu mövqedən narazı qalacaq adam varsa, o da mənəm” - MÜSAHİBƏ

Arif Hacılı: “İsa Qəmbərin tutduğu mövqedən narazı qalacaq adam varsa, o da mənəm” - <span style="color: red;">MÜSAHİBƏ
# 09 oktyabr 2014 12:46 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyasının başqanı Arif Hacılının APA-ya müsahibəsi


- Arif bəy, Müsavat Partiyasının qurultayından sonra başqanlığa digər namizəd Qubad İbadoğlu və tərəfdarları qurultay ərəfəsində və qurultay zamanı müəyyən seçki pozuntularına yol verildiyini iddia etdilər. Səslənən iddialarla bağlı nə deyə bilərsiniz?


- Seçkilərin nəticələrindən narazı qalan adamların seçkilər barədə emosional açıqlamalarına təbii yanaşıram. Məclis üzvlüyünə seçkilərdə müəyyən qüsurların olması barədə mənə də məlumat veriblər. 20-dən artıq seçki kabinəsi qurulmasına baxmayaraq, 150 namizəddən 80 nəfərin Məclisə seçilməsi müəyyən çətinlik vaxt itkisi yaradırdı. Ona görə də bəzi qurultay nümayəndələri seçki kabinəsindən kənarda səs veriblər. Ancaq onlar öz iradələrinə uyğun səs veriblər və heç kəs seçicilərin iradəsinə təsir etmək imkanlarına malik olmayıb. Bunu iddia edən də yoxdur. Bu baxımdan seçkilər zamanı yerin darısqallığı, qurultayın keçirilməsi üçün vaxtın azlığı ucbatından, eyni zamanda çox çətin prosedurları olan Məclis üzvlüyünə seçkilərin keçirilməsi zamanı ortalığa çıxan xırda qüsurları şişirdərək, seçkilərin nəticələrini kölgə altına salmaq ədalətsizlikdir. Amma bu məsələlərlə bağlı deyilən bütün fikirlər qeydə alınır və bu gün seçkilərdən 12 gün keçməsinə baxmayaraq, heç bir yazılı şikayət təqdim olunmayıb, hər hansı pozuntu barədə real fakt da yoxdur.


- Səslənən iddialardan biri də odur ki, tərəfdarlarınız rayon təşkilatı sədrlərinə İsa Qəmbərin sizi dəstəklədiyini deyərək, sizə səs verməsi üçün təzyiq göstəriblər...


- Kimlərinsə İsa Qəmbərin Arif Hacılını müdafiə etməsini deməsi barədə iddialar, xüsusilə, guya bunun hər hansı pozuntu olması barədə fikirlər də tamamilə gülüncdür. Çünki əvvəla, heç kəs İsa Qəmbərə hər hansı bir namizədi müdafiə etməyi qadağan edə bilməz. O da qurultay nümayəndəsi kimi öz mövqeyini açıqlamaq hüququna malik idi. Eyni zamanda kimlərinsə heç bir dəlil, sübut olmadan şifahi dediyi sözləri əsas götürmək olmaz. Əslində seçki kampaniyası dövründə İsa Qəmbərin tutduğu mövqedən narazı qalacaq bir adam varsa, o da mənəm. Çünki sonadək İsa Qəmbər öz mövqeyini açıqlamadı və hansı namizədi müdafiə etdiyini demədi. Ancaq hər halda qurultaydan sonra məhz İsa Qəmbərin adının hallanması, guya onun seçki prosesinə təsir etməsi barədə yanlış açıqlamalar sübut etdi ki, İsa Qəmbər bu məsələyə qarışmamaqda düzgün mövqe tutub. Müsavat Partiyasının qurultayı partiyanın ali orqanıdır və partiya qurultay vasitəsilə öz iradəsini ifadə edib. Partiyanın iradəsinə tabe olmaq hər bir müsavatçının borcudur.

- Bildirilir ki, qurultayda nizamnaməyə zidd addım atan şəxslər var, onların cəzalandırılması üçün arayış hazırlanıb və seçki komissiyasına təqdim olunacaq. Bu məsələlər təsdiqini taparsa, nə kimi tədbirlər görüləcək?

- Sentyabrın 28-dən etibarən hansısa faktların ortalığa çıxacağı barədə fikirləri eşidirik, ancaq ortada heç nə yoxdur. Əslində şikayətlərin verilməsi üçün bütün müddətlər artıq sona çatıb. Ona görə də iddia edirlər ki, hüquqi qiymətin yox, siyasi qiymətin verilməsini istəyirik. Siyasi qiymətin verilməsi üçün də bu günə qədər rəsmi şikayət partiyanın hər hansı strukturuna daxil olmayıb. Rəsmi şikayət daxil olsa, hansısa faktlar təqdim olunsa, təbii ki, bu müraciətlər araşdırılacaq.


- Qubad İbadoğlu tərəfdarları ilə görüşündə partiyanın maliyyə hesabatının verilməsi tələb olundu...


- Müsavat Partiyasının maliyyə qaynaqları barədə məlumat verilməsi kimi qəribə təkliflərin ortaya çıxması məni çox təəccübləndirir. Çünki 10 ildən artıq partiyanın rəhbərliyində təmsil olunmuş adamların Müsavatdan maliyyə mənbələri haqqında açıqlama verməsini tələb etməsi səmimi səslənmir. Müsavat Partiyasının maliyyə vəziyyətinin nə cür olmasının onlar çox yaxşı bilirlər. Partiyanın maliyyə mənbələri yoxdur. Biz üzvlərimizdən aldığımız çox az miqdarlı üzvlük haqları hesabına partiyanın qərargah, telefon və elektrik haqqını ödəyirik. Müsavatın İcra Aparatında heç kəs məvacib almır və 2006-cı ildən sonra biz Müsavatın qərargahında fəaliyyətə yalnız fədakarlıqla işi öz üzərinə götürən insanları cəlb etmişik.


- Sizin qardaşınız, Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin Müsavatın qurultayı barədə fikirlərinə Qubad İbadoğlu və tərəfdarları tərəfindən sərt reaksiya verildi. Onu partiyanın işinə qarışmaqda ittiham etdilər və hətta, sizdən tələb etdilər ki, qardaşınızın başqa partiyanın daxili işinə qarışmasına mane olasınız. Bundan sonra Qubad İbadoğlu Müsavatı bir “ailə partiyası”na çevirmək istəyənlərin olduğunu iddia etdi...


- Əhrar Partiyası Müsavat Partiyası ilə müttəfiqdir. Əhrar Partiyası həm tarixi baxımdan, həm də müasir dövrdə həmişə Müsavatın yanında olub.Vaqif Hacıbəyli son parlament seçkilərində İsa Qəmbərin seçki qərargahının rəhbəri olub.Yəni o Müsavat partəyasına yad bir adam deyil. Vaqif Hacıbəyli kifayət qədər azad bir siyasətçidir və onun bu məsələlərlə bağlı fikirləri özünə məxsusdur. Onun fikirlərinə görə, mən cavab vermək istəməzdim.

- Siz başqan seçiləndən sonra, partiyada ciddi etirazlar oldu, sizi istefaya çağırdılar, qurultay seçkilərinin legitimliyinə şübhə ilə yanaşanlar oldu və hətta, növbədənkənar qurultay məsələsi gündəmə gəldi. Ümumiyyətlə, vəziyyətdən asılı olaraq, növbədənkənar qurultayın keçirilməsi mümkündürmü?

- Təbii ki, bir və ya bir neçə nəfərin iradəsi ilə bu mümkün deyil. Müsavat Partiyasının Nizamnaməsi var və ona uyğun olaraq, partiyanın strukturları fəaliyyət göstərir. Qurultayın çağırılmasının da müvafiq prosedurları var. Əgər bu prosedurların həyata keçirilməsi üçün partiya içində kifayət qədər tərəfdar olarsa, təbii ki, növbədənkənar qurultay keçirilə bilər. Növbədənkənar qurultay məni qətiyyən narahat etmir. Düşünürəm ki, qurultaydan keçən bu müddət ərzində Müsavat Partiyasında qüvvələr nisbəti əsaslı surətdə dəyişib və əminəm ki, əgər bu gün qurultay yenidən keçirilsə, səslərin nisbəti, 12 gün bundan əvvəlkindən xeyli fərqli olar.


- Arif bəy, ümumiyyətlə, uzun illər bir partiyada təmsil olunmuş şəxslərin qurultaydan sonra bu şəkildə qarşılıqlı ittihamlarını, tənqidlərini necə qarşıladınız?

- Buna münasibətim təbii ki, mənfidir. Hesab edirəm ki, bu cür iddiaların nə Müsavata, nə də onları irəli sürənlərə heç bir xeyri yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR