Şəkidə yol qəzasında iki nəfər xəsarət alıb

Şəkidə yol qəzasında iki nəfər xəsarət alıb
# 30 aprel 2015 08:12 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Şəki Şəhər Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün gecə saat 01 radələrində Şəki şəhəri ərazisində qeydə alınıb. 1980-ci il təvəllüdlü, İsmayıllı rayon sakini Məftun Sihhət oğlu Şirəliyev idarə etdiyi “BMW” markalı, 10 -RU-203 dövlət nömrə nişanlı avtomobillə Oğuz rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb. Daha sonra maşın yolun kənarından keçən qaz xəttinə dəyib. Qəza nəticəsində sürücü Məftun Şirəliyev və avtomobildə olan sərnişin, Oğuz rayon sakini, 1978-ci il təvəllüdlü Sənan Əliağa oğlu Quliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Xəstəxanadan bildirilib ki, Məftun Şirəliyev cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Sənan Quliyevin xəsarəti yüngül olduğundan ona xəstəxanada ilkin tibbi yatdım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR