Arif Hacılı: “Müsavatda plüralizmə imkan verilməməsi, söz azadlığının boğulması barədə fikirlərin heç bir əsası yoxdur”

Arif Hacılı: “Müsavatda plüralizmə imkan verilməməsi, söz azadlığının boğulması barədə fikirlərin heç bir əsası yoxdur”
# 18 noyabr 2014 12:36 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı partiyadan istefalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Müsavatın Nizamnaməsinə əməl etmək hər bir partiya üzvünün borcudur: “Müsavat Partiyasında qurultaydan sonra bir neçə nəfər haqqında qərar çıxarılıb, 3 nəfər müxtəlif strukturlar tərəfindən partiya sıralarından xaric edilib, bir neçə nəfərə isə töhmət verilib. Müsavat Partiyası uzun illərdir ki, demokratik azadlıqlar uğrunda mübarizə aparır. Bizim üçün hər kəsin öz fikirlərini azad şəkildə ifadə etməsi, demokratik seçkilər, insan haqlarının toxunulmazlığı müqəddəs məfhumlardır. Biz öz siyasi fəaliyyətimizdə həm də ölkədə demokratik azadlıqların bərqərar olması uğrunda mübarizə aparırıq. Ona görə də guya Müsavatda plüralizmə imkan verilməməsi, söz azadlığının boğulması barədə deyilən fikirlərin heç bir əsası yoxdur. Müsavat Partiyası Azərbaycanda yeganə partiyadır ki, onun nizamnaməsinə görə, partiya hər hansı qərarları qəbul etdikdən sonra belə partiya üzvlərinin bu qərarları tənqid etməsi Nizamnamə pozuntusu hesab olunmur. Partiya cəzaları müəyyən şəxslərin Müsavatın qurultayının və digər strukturlarının qərarlarını tənqid etməsi ilə yox, məhz Nizamnamə maddələrinin pozuntusu ilə bağlıdır və qəbul edilən qərarlarda konkret olaraq hansı maddələrin pozulması aydın şəkildə göstərilib. Biz söz azadlığına hörmətlə yanaşırıq, ancaq qəbul edilmiş qərarlara, nizamnaməyə əməl olunmalıdır. Ona görə də partiya Nizamnaməsini dəfələrlə pozan, partiya strukturlarının verdiyi qərarları qəbul etmədiyini bəyan edən şəxslər haqqında müəyyən iltizam tədbirlərinin görülməsinə dözümlü yanaşmaq lazımdır”.

A.Hacılı Müsavatın avtoritar üsullarla idarə edildiyi barədə iddiaların Nizamnamə pozuntusu olmadığını açıqlayıb. Onun sözlərinə görə, bundan sonra da Müsavatın Nizamnaməsini pozan şəxslər haqqında tədbirlər görülə bilər: “Müsavatın avtoritar üsullarla idarə olunduğunu demək mülahizədir. Bu, nizamnamə pozuntusu deyil. Nizamnamə pozuntusu partiya strukturlarının qəbul etdiyi qərarlardan açıq şəkildə imtina etməkdir. Kim Nizamnamənin konkret maddələrini pozubsa, onlar haqqında müzakirələr aparılaraq, müəyyən qərarlar qəbul edilə bilər. Tənqidi yanaşmalar, mülahizələr heç bir halda partiya üzvünün cəzalandırılmasına səbəb ola bilməz. Kimliyindən asılı olmayaraq, Nizamnamənin açıq şəkildə pozulması baş verərsə, belə hallar təkrar olunarsa, partiyanın müvafiq strukturlarının bu barədə qərar qəbul etməsi mümkündür. Demokratik cəmiyyət, demokratik təşkilat quruculuğu hökmən qanunun aliliyi prinsipinə dönmədən əməl etməklə mümkündür. Biz bunu bilirik. Müsavatın fəaliyyətini tənzimləyən əsas sənəd hər bir Müsavat üzvü tərəfindən qəbul edilmiş Nizamnamədir. Nizamnaməyə əməl olunmasını təmin etməklə partiya quruculuğu işimizi davam etdirəcəyik”.

O, sabiq başqan İsa Qəmbərin partiya strukturlarına təsir etmədiyini vurğulayıb: “Müsavat partiyanın strukturları tərəfindən idarə olunur və partiya strukturlarının qərarlarına hansısa digər təsirlər yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR