Azərbaycanda alimlər 30 faktor əsasında qiymətləndiriləcək

Azərbaycanda alimlər 30 faktor əsasında qiymətləndiriləcək
# 03 may 2013 09:05 (UTC +04:00)

AMEA institutlarının qiymətləndirilməsinin yeni sistemi yaradılıb

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının qiymətləndirilməsinin yeni sistemi yaradılıb. Bu barədə APA-ya AMEA-nın müxbir üzvü, Kibernetika İnstitutunun laboratoriya rəhbəri Asəf Hacıyev bildirib.

Onun sözlərinə görə, “Elmi araşdırmaların keyfiyyətini müəyyən edən informasiya texnologiyası” adlı yeni sistem rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovla birgə yaradılıb.

A.Hacıyev deyib ki, elmi araşdırmaların keyfiyyətini qiymətləndirmək çox mürəkkəb bir sistemdir. Bu araşdırmaların tarixi ötən əsrin 60-cı illərindən başlayır. Həmin vaxt ABŞ-ın Filadelfiya ştatında İnformasiya Elm İnstitutu yaradılıb. O zamandan sonra bir qrup beynəlxalq elmi jurnal müəyyən olunub, hər jurnal üçün impakt faktor təyin edilib, istinad indeksi müəyyənləşib: “Alimləri müqayisə etmək üçün bu faktorlar lazımdır. Hazırda da müxtəlif ölkələrdə bir neçə belə beynəlxalq elmi bazalar yaradılıb. Hətta hazırda alimlərə Nobel mükafatı verilməsinin əsas tələblərindən biri budur ki, həmin alimə indiyədək nə qədər istinad olunub”.

A.Hacıyevin sözlərinə görə, hazırda Azərbaycanda yalnız bir jurnalın impakt faktoru var, o da “Tətbiqi və hesablama riyaziyyatı” jurnalıdır: “Hazırda dünya üzrə qiymətləndirmə meyarlarında daha çox 6 məqam nəzərə alınır. Nobel mükafatları, Filds medalının laureatlarının sayı, impakt faktorlu jurnallarda çap olunma, alimə edilən istinadların sayı və s. əsas götürülür. Biz hesab edirik ki, bu 6 amil çox azdır. Bununla alimin fəaliyyətini qiymətləndirmək çox çətindir. Ona görə yeni yanaşma təklif etdik. Bu zaman 30-a yaxın faktor nəzərə alınacaq”.

Qiymətləndirmə zamanı alimin impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin, alimə edilən istinadların, yetişdirdiyi tələbələrin sayı, dünya konqreslərində iştirakı, dünyanın aparıcı universitetlərinə dəvət olunması, dərs deməsi və s. nəzərə alınacaq: “Dünya konqresləri 2 və ya 4 ildən bir keçirilir. Əgər alim həmin konqreslərdə plenar məruzə ilə çıxış edirsə, bu o deməkdir ki, onun araşdırmalarına dünyada böyük maraq var. İndiyədək Azərbaycanda alimlərin ingilis dilini bilməsi əsas götürülmürdü. Dünyanın aparıcı universitetlərinə dəvət olunmaq, elmə inteqrasiya olunmaq üçün ingilis dilini bilmək lazımdır. Bunsuz elm yoxdur. Yaşlı insanlar üçün ingilis dilini öyrənmək təbii ki, problem yaradır. Amma onların elm qarşısında böyük xidmətləri olub. Yaradılmış sistem bunu da nəzərə alacaq”.

A.Hacıyev deyib ki, qiymətləndirməni aparmaq üçün həmin alimə dair məlumatlar 30 faktor üzrə sistemə daxil ediləcək: “Bir neçə dəqiqədən sonra alimin qiymətləndirmə balı müəyyən olunacaq. Bu zaman əsas vahid kimi AMEA nəşrlərində çap olunan məqalələr əsas götürüləcək. Tutaq ki, ona 5 bal veriləcək. İmpakt faktorlu jurnallarda çap olunma 50 balla qiymətləndiriləcək. Dünya konqresinə dəvət 250 balla, Nobel mükafatı laureatı 500 balla dəyərləndiriləcək. Başqa ölkələrin Elmlər Akademiyalarının üzvlərinə də yüksək ballar veriləcək. Bu sistem əsasında alimlərin, daha sonra isə AMEA institutlarının reytinqi qiymətləndiriləcək. Daha sonra bu sistem əsasında Azərbaycandakı universitetlərin reytinqini də qiymətləndirmək mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR