Bakıda Əzim Əzimzadənin xatirəsinə həsr olunan sərgi açılıb

Bakıda Əzim Əzimzadənin xatirəsinə həsr olunan sərgi açılıb
# 15 aprel 2013 15:55 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva – APA. Bu gün Rəssamlar İttifaqında Əzim Əzimzadənin xatirəsinə həsr olunan Azərbaycan Karikaturaçı Rəssamlarının sərgisi keçirilib.

APA-nın verdiyi məlumata görə, sərgidə 20 karikaturaçı rəssamın 50 əsəri nümayiş olunub. Əsasən gənc rəssamların üstünlük təşkil etdiyi sərginin məqsədi Azərbaycanda karikaturanın inkişaf dərəcəsini müəyyən etmək və gənc karikaturaçılara stimul verməkdir.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov sərgini açıq elan edərək gənclərin karikatura sahəsindəki fəaliyyətindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, Əzim Əzimzadənin sənət yolu hər bir gənc rəssama örnək olmalıdır.

“Kirpi” satirik jurnalının baş rəssamı Hafiz Nəsiroğlu aprel ayının Azərbaycanın karikatura tarixində əhəmiyyətli olduğunu deyib: “Aprelin 6-da Cəlil Məmmədquluzadə tərəfindən yaradılan “Molla Nəsrəddin” jurnalı üzü görüb. Eyni zamanda aprelin 30-da Azərbaycan karikatura məktəbinin təməlini qoyan Əzim Əzimzadənin doğum günüdür. Ona görə belə sərgilər hər il keçirilməlidir”.

Qeyd edək ki, sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR