Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu illik hesabatını açıqlayıb

Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu illik hesabatını açıqlayıb
# 12 aprel 2013 13:23 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Əmanətlərin Sığortalanması Fondunun hesabatında deyilir.

Hesabata əsasən, fiziki şəxslərin cəmi əmanətlərinin (4,8 mlrd. manat) 36%-ni (1,7 mlrd. manat) qorunmayan əmanətlər, 64%-ni (3,1 mlrd. manat) isə qorunan əmanətlər təşkil edib.

Bu göstəricilərin ötən illərlə müqayisə təhlili göstərir ki, üzv banklarda qorunmayan əmanətlər 4% azalıb və nəticə etibarı ilə qorunan əmanətlərin mövqeyinin möhkəmlənməsi müşahidə olunur. Beləliklə, 2011-ci ilin IV rübü ilə müqayisədə 2012-ci ilin IV rübündə fiziki şəxslərin cəmi əmanətləri 28% (1 050 mln. manat), qorunmayan əmanətlər 16% (242 mln. manat), qorunan əmanətlər isə 36% (808 mln. manat) artıb.

Hesabatda deyilir ki, 5 il ərzində ilk dəfə olaraq 2012-ci ildə qorunan əmanətlərin artım tempi ümumi əmanətlərin və qorunmayan əmanətlərin artım tempindən yüksək olub. Bu da «Royal Bank» ASC-də sığorta hadisəsinin baş verməsindən sonra və birbaşa sığorta hadisəsinin baş verməsi ilə əlaqədar olaraq əmanətçilərin öz əmanətlərini qorunan əmanət şərtlərinə uyğun olaraq yerləşdirilməsinə üstünlük vermələri ilə izah olunur.

Ötən ilin III rübü ilə IV rübü müqayisə edildiyi zaman aydın olur ki, 2012-ci ilin IV rübü ərzində orta hesabla qorunan əmanətlər 3 052 mln. manat olduğu halda, rübün sonuna qorunan əmanətlər 3 253 mln. manat təşkil edib ki, rüb ərzində orta hesabla olan qorunan əmanətlərin məbləği ilə müqayisədə 6,6% (201 mln. manat), əvvəlki rübün sonuna olan qorunan əmanətlərin məbləği ilə müqayisədə isə 9,9% (291,8 mln. manat) artıb.

Hesabata əsasən, kompensasiya olunan əmanətlər əvvəlki illə müqayisədə 399 mln. manat artaraq 2012-ci ilin sonuna 1 540 mln. manat olub ki, bu da 2010 və 2011-ci ildəki artımdan 119 mln. manat (3%) çoxdur. Rüblük artıma gəldikdə isə kompensasiya olunan əmanətlər əvvəlki rüblə müqayisədə 136 mln. manat (9,7%) artaraq 1 540 mln. manat olub ki, bu da qorunan əmanətlərin 47,3%-ni təşkil edir. Qorunan əmanətlərin 57%-i manatda, 38%-i ABŞ dollarında, 5%-i isə avroda yerləşdirilib.

Hesabatda deyilir ki, Fondun üzvü olan «Royal Bank»da 2012-ci ildə sığorta hadisəsi baş verib və əmanətçilər qarşısında öhdəliklərin reyestrinə əsasən 7 063 qorunan əmanətçilərin 26,5 mln. manat qorunan əmanətinə ödəniləcək cəmi kompensasiya məbləği 14,7 mln. manat və yaxud 55,5% təşkil edib. Bu ilin yanvarın 1-nə cəmi kompensasiya məbləğinin (14 712 min manat) 86,4%-i, yəni 12,716 mln. manatı 1 496 əmanətçiyə artıq ödənilib. Ümumilikdə, 4 264 əmanətçiyə 1,996 mln. manat kompensasiya ödənilməsi gözlənilir. Kompensasiyaların ödənilməsi prosesi avqustun 1-dən 3 bank-agent vasitəsi ilə («Muğanbank», «Bank Respublika», «AGBank») aparılır.

Hazırda Fondun sığorta ehtiyatları 45,2 mln. manat təşkil edir. Vəsaitlərin idarə edilməsi Fondun investisiya siyasətinə əsaslanaraq həyata keçirilir. Fondun vəsaitlərinin 28,5 mln. manat məbləğində olan hissəsi dövlət qiymətli kağızlarında yerləşdirilib və gəlirlilik orta hesabla illik 4,6% təşkil edir. Fondun 5,0 mln. avro vəsaiti «Deutsche Asset Management International» şirkətinin idərəetməsinə verilib.

Xatırladaq ki, 2010-cu ilin iyunun 1-dən üzv banklarda illik 12%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid deyil. Fond tərəfindən qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir. Sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə ödənilməli kompensasiya məbləğinin maksimum həddi 30 min manat məbləğindədir. MDB məkanında ən yüksək kompensasiya məbləği Azərbaycandadır (Qazaxıstanda 34 min dollar, Rusiyada 22 min dollardır).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR