Son bir ayda 110-dan çox şəhid ailəsi mənzillə təmin edilib

 Son bir ayda 110-dan çox şəhid ailəsi mənzillə təmin edilib
# 06 noyabr 2015 12:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4-ü Zərdab rayonunda, 11-i isə Goranboy rayonunda olmaqla daha 15 yeni fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, fərdi yaşayış evlərinin təqdim olunması tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev, Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Elçin İsmayılov, əlil ictimai birliklərinin, həmin rayonların yerli ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasının prezident İlham Əliyevin sosial siyasətində mühüm yer tutduğu vurğulanıb. Qeyd olunub ki, son bir ayda respublikamızın bölgələrində inşası başa çatmış 56 ev, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil istifadəyə verilməklə, ümumilikdə 112 müharibə əlili və şəhid ailəsi yeni mənzillərlə təmin ediliblər. Bu mənzillərdə hər bir ailənin normal yaşayışı üçün müasir tələblərə uyğun şərait yaradılıb. Azərbaycanın bölgələrində fərdi evlərin inşası və hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilməklə, Bakı şəhərində, İmişli, Beyləqan, Şamaxı rayonlarında bu təbəqələrdən olan insanlar üçün çoxmənzilli yaşayış binaları da tikilir.

Çıxış edənlər sosial cəhətdən həssas qruplara aid şəxslərin yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkəmizdə aparılan fəal və məqsədyönlü dövlət siyasətindən bəhs edərək, əlil və şəhid ailələrinin bu gün ölkə rəhbərinin diqqət və qayğısı ilə əhatə olunduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR