ETSN tərəfindən bioloji resurslara vurulmuş ziyanla bağlı 39387 manat məbləğində iddia tətbiq edilib

ETSN tərəfindən bioloji resurslara vurulmuş ziyanla bağlı 39387 manat məbləğində iddia tətbiq edilib
# 02 dekabr 2014 14:43 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Xəzər dənizinin Azərbaycan hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən bu ilin ilin 9 ayı ərzində qanunsuz balıq ovlanması ilə bağlı 48 qanun pozuntusu faktı aşkar olunub.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

İ. İbrahimova bildirib ki, Xəzəryanı dövlətlərin hökumət və dövlət başçılarının ümumi razılığına əsasən Xəzər dənizində sənaye üsulu ilə balıq ovuna 2010-cu ildən etibarən qadağa qoyulsa da, qanunsuz balıq ovlanması halları qeydə alınır və ETSN tərəfindən bununla bağlı qanunauyğun tədbirlər görülür: “O cümlədən 21 akt və 29 protokol tərtib edilib, 28 nəfər məsuliyyətə cəlb olunub. Qanun pozucularından 6 qayıq, 70 tor, nərəkimilərin ovunda istifadə edilən 7000 ədəd qadağan edilmiş ov aləti və 740 müxtəlif növ balıq götürülüb. 7 iş rayon məhkəmələrinə, 13 iş hüquq- mühafizə orqanlarına göndərilib, 14 işə inzibati qaydada Departament tərəfindən baxılıb, bioloji resurslara vurulmuş ziyanla bağlı 39387 manat məbləğində iddia tətbiq edilib”.

İ. İbrahimova əlavə edib ki, ümumilikdə, ölkəmizdə bu istiqamətdə xeyli iş görülsə də, bu işi yetərli deyil: “Eyni zamanda, digər Xəzəryanı dövlətlərdən Azərbaycana müxtəlif yollarla nərəkimilərin gətirilməsi və satışı faktdır. Belə ki, bu ilin oktyabr ayında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayon sərhəd dəstəsinin əməkdaşları tərəfindən qanunsuz yolla ölkəmizə keçirilən 19 ədəd müxtəlif növ nərəkimilərin, bir neçə gün əvvəl isə Azərbaycan-Rusiya sərhəddində Dağıstanın gömrük əməkdaşları tərəfindən Rusiyadan Azərbaycana 300 kq nərəcinsli balıqların keçirilməsinin qarşısı alınıb. Bu faktlar xarici ölkələrdən gətirilən nərəkimilərin ölkənin daxili bazarlarında əsas yer tutduğu barədə fikir söyləməyə əsas verir. Ümumiyyətlə, Yer kürəsində nərəkimilərin 80-85 faizinin məskunlaşdığı Xəzər dənizində obyektiv və subyektiv səbəblərdən bu növ balıqların kəskin azalması müşahidə edilir və bunun qarşısının alınması məqsədilə Türkmənistan istisna olmaqla digər Xəzəryanı ölkələrdə süni nərə balıqartırma zavodları fəaliyyət göstərir. Təkcə Azərbaycanda 2014-cü ilin 9 ayı ərzində müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələrinin artırılmasını təmin edən müəssisələr tərəfindən 335,02 milyon ədəd balıq körpələri (nərəcinsli balıqlar 6.7 milyon ədəd, qızılbalıq 176,5 min ədəd, çəkikimilər 381,85 milyon ədəd (ağ amur), bitki ilə qidalanan 4,7 milyon ədəd) süni və təbii yolla artırılıb təbii su hövzələrinə buraxılıb”.

Qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti Xəzər dənizində, çaylarda və daxili su hövzələrində məskunlaşmış vətəgə əhəmiyyətli balıq növlərinin ehtiyatının bərpa edilməsi, artırılması, qorunub saxlanılması, habelə bioresurslardan istifadənin tənzimlənməsi və qanunsuz balıq ovunun qarşısının alınması istiqamətində ardıcıl olaraq müvafiq tədbirləri davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR