Nazirlik: Bələdiyyələr tərəfindən yığılan vergi və ödənişlər onların fəaliyyətinin təşkili üçün kifayət etmir

Nazirlik: Bələdiyyələr tərəfindən yığılan vergi və ödənişlər onların fəaliyyətinin təşkili üçün kifayət etmir
# 27 avqust 2014 09:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bələdiyyələrin büdcəsinə daxil olmuş vəsaitlərin təhlili göstərir ki, bələdiyyələr tərəfindən yığılmış vergi və ödənişlər onların fəaliyyətinin təşkili üçün kifayət etmir.

APA-Economics”in xəbərinə görə, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov AzərTAc-a müsahibəsində deyib.

N. Şirinov bildirib ki, 2013-cü ildə 1 700-dən çox bələdiyyələrin topladığı yerli vergi və ödənişlərin məbləği 47 mln. 209,7 min manat olub. Başqa sözlə, orta hesabla 1 bələdiyyəyə düşən illik daxilolmanın məbləği cəmi 27,8 min manat təşkil edib.

Bunları əsas gətirən N. Şirinov əlavə edib ki, bələdiyyələrdə elektron uçotun həyata keçirilməsi ilə bağlı Vergilər Nazirliyinin sifarişi əsasında “Bələdiyyə Vergi İnformasiya Sistemi” (BVİS) proqram təminatı hazırlanıb. Onun fikrincə, bələdiyyələrdə avtomatlaşdırılmış uçot sisteminin tətbiq olunması onlarda geniş məlumat bazasının yaradılmasını təmin etməklə, yerli vergi və ödənişlərin düzgün hesablanmasına, onların tam və vaxtında yerli büdcələrə ödənilməsinə, bütövlükdə isə bələdiyyələrin sürətli inkişafına xidmət edəcək.

Qeyd edək ki, Vergilər nazirinin müvafiq əmrinə əsasən yerli vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli vergi və ödənişlərin uçotunun tətbiqi üzrə 2014-cü ildə Pilot layihənin həyata keçirilməsi nəzərdə tutulub və hazırda həmin layihə 8 bələdiyyədə (Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Binəqədi qəsəbə, Binəqədi, Xocasən, Biləcəri bələdiyyələrində, Abşeron rayonunun Saray bələdiyyəsində, Sumqayıt şəhərinin Sumqayıt bələdiyyəsində və Şəmkir rayonunun Şəmkir bələdiyyəsində) həyata keçirilir. Ötən qısa müddət ərzində Pilot Layihə həyata keçirilən bələdiyyələrdə proqram təminatı quraşdırılıb və 14 minə yaxın yerli vergilərin ödəyicisinin BVİS-də elektron qaydada uçota alınması təmin edilib.

Müvafiq proqram təminatının istifadə qaydalarını əks etdirən “Azərbaycan Respublikası Bələdiyyə Vergi İnformasiya Sistemi (BVİS)” adlı istifadəçi təlimatı da artıq hazırdır. İndi Vergilər Nazirliyinin əməkdaşları tərəfindən gündəlik olaraq Pilot Layihə həyata keçirilən bələdiyyələrdə yerli (bələdiyyə) vergi ödəyicilərinin BVİS-də elektron şəkildə uçota alınması üçün bələdiyyə əməkdaşlarına əməli və metodiki köməklik göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR