Ombudsmanın nümayəndələri BMT-nin İşgəncələrə qarşı Komitəsinin sessiyasında iştirak edib

Ombudsmanın nümayəndələri BMT-nin İşgəncələrə qarşı Komitəsinin sessiyasında iştirak edib
# 17 noyabr 2015 09:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) nümayəndələri BMT-nin İşgəncələrə qarşı Komitəsinin 56-cı sessiyasında iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiya çərçivəsində, BMT-nin «İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növləri əleyhinə» Konvensiyası üzrə Milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Ombudsmanın təqdim etdiyi əlavə hesabatı, daha sonra QHT-lərin hesabatları və Azərbaycan Respublikasının dördüncü dövrü məruzəsi dinlənilib.

BMT-nin İşgəncə əleyhinə Komitəsinin 56-cı sessiyası çərçivəsində keçirilən dinləmələrdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilini (Ombudsmanı) Aparatın İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə və İnformasiya sektorunun baş məsləhətçisi Sevinc Şener təmsil ediblər.

BMT-nin «İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növləri əleyhinə» Konvensiyası əsasında Azərbaycan Respublikası ilə bağlı başlayan dinləmələr çərçivəsində ilk görüş Milli İnsan hüquqları təssisatı qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) BMT-nin İşgəncələrə qarşı Komitəsinə təqdim etdiyi əlavə hesabat üzrə keçirilib.

Ombudsmanın nümayəndəsi R. Rumzadə məruzə ilə çıxış edərək, Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində fəaliyyəti, Milli Preventiv Qrupun saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, penitensiar müəssisələrə, müvəqqəti saxlama yerləri və istintaq təcridxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına keçirilmiş başçəkmələr, ölkədə həyata keçirilən normativ-hüquqi islahatlar, Müvəkkilin bu proseslərdə iştirakı, təklif və tövsiyələri, o cümlədən müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda görülmüş işlər haqqında geniş məlumat verib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) BMT-nin İşgəncələrə qarşı Komitəsinə təqdim etdiyi əlavə hesabat üzrə dinləmələr interaktiv dialoq formasında davam etdirilib.

Yekunda Azərbaycan Ombudsmanın MPM qismində fəaliyyəti ilə bağlı hesabatlarının, Müvəkkilin Uşaq hüquqları sahəsində ixtisaslaşmış məruzəsinin və Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının çap və elektron nüsxələri BMT-nin İşgəncələrə qarşı Komitəsinin katibliyinə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR