Yaponiya hökuməti Suriyanın bəzi şirkət və dövlət qurumlarına, o cümlədən neft, bank və telekommunikasiya sektorlarında fəaliyyət göstərən müəssisələrə qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.
APA xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiyalar, o cümlədən Suriyanın Müdafiə və Daxili İşlər Nazirliklərinə qarşı aradan qaldırılacaq. Həmçinin “Syrian Petroleum Company”, “Syria Trading Oil Company”, “Commercial Bank of Syria” və “Syriatel” şirkətlərinin aktivlərinin dondurulmasını nəzərdə tutan məhdudiyyətlər də ləğv ediləcək.
Yaponiya bu qərarı Suriyadakı vəziyyətin inkişafını və Yaponiya ilə Suriya arasındakı ikitərəfli münasibətləri nəzərə alaraq qəbul etdiyini bildirib.
2025-ci ildə Yaponiya Suriyaya qarşı sanksiyaları qismən yumşaldıb və “Industrial Bank”, “Popular Credit Bank”, “Saving Bank” və “Agricultural Cooperative Bank” banklarını sanksiya siyahısından çıxarıb.
Bununla belə, Yaponiya 59 fiziki şəxs və 18 Suriya qurumuna qarşı sanksiyaları qüvvədə saxlayıb.