Bank Of Baku

“Böyük səkkizlik” liderləri qurumun tərkibinin genişləndirilməsi ilə bağlı Rusiya prezidentinin təklifini rədd edib

“Böyük səkkizlik” liderləri qurumun tərkibinin genişləndirilməsi ilə bağlı Rusiya prezidentinin təklifini rədd edib
# 08 iyul 2008 09:44 (UTC +04:00)
APA-nın məlumatına görə, Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi jurnalistlərə bildirib ki, “G-8”də təmsil olunan ölkələrdən üçünün rəhbəri qurumun tərkibinin genişləndirilməsinə qarşı çıxıblar. Onlar öz mövqelərinin “G-8”in ümumi dəyərləri bölüşən dövlət başçılarının qapalı diskussiya klubu olması, iştirakçıların sayının artmasının diskussiyaların keyfiyyətini aşağı salacağı ehtimalı və “Böyük səkkizliyin” onsuz da digər ölkələrlə müxtəlif formatda əməkdaşlıq etməsi ilə əsaslandırıblar. Qeyd edək ki, Tokioda keçirilən “G-8” sammitinə iştirakçı 8 ölkə ilə yanaşı 16 dövlətin, o cümlədən Avstraliya, Çin, Braziliya və Hindistanın rəhbərləri də dəvət olunublar. Sammitdən əvvəl Rusiya prezidenti ən azı Çin, Hindistan və Braziliyanın bu quruma üzv qəbul edilməsi təklifi ilə çıxış edib. Ondan əvvəl Fransa prezidenti Nikola Sarkozi də “G-8”in tərkibinin genişləndirilməsi təklifini irəli sürüb. Sarkozi “Böyük səkkizliyə” Çin, Hindistan, Braziliya, Cənubi Afrika Respublikası, Meksika və ərəb ölkələrindən birinin daxil edilməsini məqbul sayır. Sammit iştirakçıları Medvedevin təklifini rədd etsələr də, toplantının yekun bəyannaməsi ətrafında razılığa gələ biliblər. ABŞ prezidenti Corc Buşla danışıqlardan sonra mətbuat konfransı keçirən Almaniyanın kansleri Angela Merkel yekun bəyannaməyə qlobal iqlim dəyişikliklərinin nəticələrinin aradan qaldırılması, ərzaq və neftin qiymətinin bahalaşmasının təzahürlərinə qarşı birgə əməkdaşlığı ehtiva edən müddəaların daxil ediləcəyini bildirib. ABŞ prezidenti Corc Buş isə Almaniya və ölkəsinin İranın nüvə problemi ilə bağlı məsələdə mövqelərin uzlaşdırılması barədə razılıq əldə olunduğunu qeyd edib. “G-8” sammitinin bugünkü toplantısında Afrika ölkələrinə humanitar yardım edilməsi məsələsi müzakirə olunacaq. “Səkkizlik” həmçinin müasir iqtisadiyyatın çağırışları və qlobal problemlər, neftin qiymətinin qalxması, dünya maliyyə sistemindəki böhran, beynəlxalq təhlükəsizlik mövzularına da toxunmaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR