Ukrayna ordusu Qara dənizdə Rusiyanın “kölgə donanması”nın tankerini və Ukraynanın cənubunda – Rusiyanın nəzarətində iki körpünü vurub.
APA xəbər verir ki, Ukrayna ordusunun Baş Qərargahının Telegramda verdiyi məlumata görə, 16 iyun və 17 iyun gecəsi Ukrayna müdafiə qüvvələrinin bölmələri Rusiyanın bir sıra hərbi və logistika obyektlərinə zərbələr endirib.
“Qara dəniz akvatoriyasında “kölgə donanması”nın tankeri FINA A vurulub. Gəmi Aİ, İsveçrə, Böyük Britaniya, Kanada və Ukraynanın sanksiyaları altındadır”, - məlumatda deyilir.
Tankerin beynəlxalq sanksiyalar və məhdudiyyətlərdən yayınaraq Rusiya Federasiyasının maraqlarına uyğun olaraq neft və neft məhsullarının daşınması üçün istifadə edildiyi vurğulanıb.
Qeyd edilib ki, Ukrayna Müdafiə Qüvvələri Rusiya tərəfindən hərbi logistikanı təmin etmək və Ukraynanın cənubundakı müvəqqəti işğal olunmuş ərazilər arasında qüvvə və vasitələrin hərəkəti üçün istifadə olunan obyektlərə zərbələr endirib: “Xüsusilə, Stavki kəndi yaxınlığında Şimali Krım kanalı üzərindəki avtomobil körpüsü və Xerson bölgəsindəki Voinka yaxınlığındakı avtomobil körpüsü vurulub”.