Rəcəb Tayyib Ərdoğan Monqolustanda “Bilgə Xaqan yolu”nu açacaq

Rəcəb Tayyib Ərdoğan Monqolustanda “Bilgə Xaqan yolu”nu açacaq
# 02 oktyabr 2008 15:39 (UTC +04:00)
Ankara – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkmənistan və Monqolustana səfər edəcək. APA-nın ANKA agentliyinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan oktyabrın 3-4-də Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun dəvəti ilə bu ölkənin qonağı olacaq. Səfər zamanı ikitərəfli münasibətlərin bütün sahələri, xüsusən enerji məsələləri müzakirə ediləcək, Türkmənistan-Türkiyə biznes-forumu keçiriləcək. Baş nazir monqol həmkarının dəvəti ilə oktyabrın 4-də bu ölkəyə yollanacaq. R. T. Ərdoğan Orxon-Yenisey abidələrinin olduğu Hoşo Saydam məntəqəsi ilə Karakurumu əlaqələndirən və Türkiyə dövlətinin hesabına inşa olunmuş 46 kilometrlik “Bilgə Xaqan yolu”nun, Orxon-Yenisey abidələrinin qorunması üçün tikilən Orxon muzeyinin, paytaxt Ulan-Batorda Atatürkün adı verilmiş məktəbin önündəki Atatürk büstünün və Ankara küçəsinin açılışlarında iştirak edəcək. “Bilgə Xaqan yolu”nun təməli 2005-ci ildə məhz R. T. Ərdoğan tərəfindən qoyulub. Orxon-Yenisey abidələri isə tarixdə ilk dəfə “türk” adının keçdiyi ilk türkcə mənbə sayılır. 1889-cu ildə kəşf olunmuş abidələrin üzərindəki yazılar 1893-cü ildə danimarkalı alim Vilhelm Tomsen və alman əsilli məşhur rusiyalı türkoloq Vasili Radlof tərəfindən oxunub. Abidələr Ulan-Batordan 365 km uzaqda yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR