Bank Of Baku

Çinin Azərbaycandakı səfirliyi Urumçidə baş verən hadisələrə görə Rabiyə Kaderin rəhbərlik etdiyi Ümumdünya Uyğur Konqresini günahlandırır

Çinin Azərbaycandakı səfirliyi Urumçidə baş verən hadisələrə görə Rabiyə Kaderin rəhbərlik etdiyi Ümumdünya Uyğur Konqresini günahlandırır
# 16 iyul 2009 13:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Çinin Azərbaycandakı səfirliyi iyulun 5-də Sincan-Uyğur Muxtar Rayonunda baş vermiş hadisələrlə bağlı APA-ya məktub ünvanlayıb. Məktubda qeyd olunur ki, kütləvi qırğın, dağıntı, soyğunçuluq və yandırma kimi ağır cinayətlər törədilib, günahsız mülki şəxslər və hərbi polis nümayəndələri öldürülüb və yaralanıb: “Faktlar göstərir ki, xaricdən istiqamətləndirilmiş və əvvəlcədən düşünülmüş cinayətlər ölkənin daxilində olan separatçılar tərəfindən hazırlanıb və həyata keçirilib”.

Məlumatda bildirilir ki, iyulun 10-na olan rəsmi statistikaya görə, hadisələr zamanı 184 nəfər həlak olub. Onlardan 137-si xan, 46-sı uyğur, 1-i isə xuey millətinə mənsub olanlardır: “Faktlar göstərir ki, bu planı Rabiyə Kaderin rəhbərlik etdiyi Ümumdünya Uyğur Konqresi hazırlayıb və uyğurları ağır cinayətlərə təhrik edib.
İyunun 26-da baş vermiş hadisələrdən sonra Rabiyə Kader fövqəladə iclas toplayıb, orada 3 qətnamə qəbul olunub: Şaoquan şəhərində baş vermiş hadisələrdən istifadə edərək qarışıqlıq salmaq, dünya ictimaiyyətinin dəstəyini qazanmaq və iyunun 26-nı Rabiyə Kaderin yubileyi kimi qeyd etmək. 5 iyul hadisələrindən sonra Rabiyə Kader və digərləri Urumçidə fövqəladə iclas toplayaraq, uyğurları fasiləsiz nümayişlər keçirməyə və qarışıqlıq salmağa, xaricdə bəyanatlarla çıxış etməyə, mətbuat konfransları keçirməyə, Sincana xarici KİV nümayəndələri göndərməyə, vəziyyəti daha da gərginləşdirməyə təhrik edib. İyulun 7-də Ümumdünya Uyğur Konqresinin başçılarından biri Tolkun Eşşa və Eskartəmin «Urumçi qələbənin başlanğıcındadır, digər yerlərin əhalisi də bizə qoşulacaq, digər şəhərlərdə Çin Kommunist Partiyasına qarşı döyüş meydanlarına çevriləcək» kimi bəyanatlarla çıxış ediblər”.

Məlumatda o da vurğulanır ki, hazırda Urumçidə bazar ticarəti və nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, insanların normal şəraitdə yaşaması, sənaye müəssisələrinin çalışması üçün şərait yaradılıb, Muxtar Rayonun bütün şəhərlərində və vilayətlərində vəziyyət stabildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR