Bank Of Baku

Osman Çelik: Sukuk Türkiyənin xarici maliyyələşdirmə strategiyasının mühüm hissəsinə çevrilib

Türkiyə Xəzinə və Maliyyə nazirinin müavini Osman Çelik

© APA | Türkiyə Xəzinə və Maliyyə nazirinin müavini Osman Çelik

# 18 iyun 2026 12:40 (UTC +04:00)

Sukuk Türkiyənin xarici maliyyələşdirmə strategiyasının mühüm hissəsinə çevrilib.

APA xəbər verir ki, bunu Türkiyə Xəzinə və Maliyyə nazirinin müavini Osman Çelik Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində təşkil olunan “Məqsədyönlü sukuklar – inkişafın yeni üfüqləri” sessiyasında çıxışı zamanı deyib.

Osman Çelik bildirib ki, Türkiyə sukuk alətindən beynəlxalq maliyyə bazarlarında investor bazasını genişləndirmək və alternativ maliyyə mənbələri yaratmaq məqsədilə istifadə edir.

“2012-ci ildən etibarən sukuk xarici maliyyələşdirmə strategiyamızın davamlı hissəsinə çevrilib. Bu müddət ərzində 12 beynəlxalq sukuk emissiyası həyata keçirmişik və qlobal investorlardan 23 milyard ABŞ dollarından çox vəsait cəlb etmişik”, – o qeyd edib.

Onun sözlərinə görə, sukuk Türkiyəyə xüsusilə Körfəz ölkələri və Asiya regionundakı, ənənəvi maliyyə alətlərində hər zaman iştirak etməyən investorlarla əlaqələri gücləndirməyə imkan verib.
“Əsas məqsədlərimizdən biri investor bazasının şaxələndirilməsi olub. Sukuk bu istiqamətdə mühüm rol oynayıb və beynəlxalq kapital bazarlarında mövqeyimizi gücləndirib”, – nazir müavini vurğulayıb.

Osman Çelik qeyd edib ki, Türkiyədə sukuk ekosistemi artıq yalnız dövlət emissiyaları ilə məhdudlaşmır.
“İştirak bankları, korporasiyalar və bəzi dövlət qurumları da uğurlu sukuk emissiyaları həyata keçiriblər. Bu, Türkiyədə sukuk bazarının daha dərin və inkişaf etmiş bir sistemə çevrildiyini göstərir”, – o bildirib.

Nazir müavini əlavə edib ki, Türkiyə dayanıqlı maliyyə sahəsində də mühüm addımlar atıb.
“2021-ci ildə dayanıqlı maliyyə çərçivəsini tətbiq etdik. Bu çərçivə beynəlxalq standartlara uyğun olaraq yaşıl, sosial və dayanıqlı maliyyə alətlərinin buraxılmasına imkan yaradır. 2023-cü ildə ilk yaşıl istiqraz emissiyamızı uğurla həyata keçirdik”, – Osman Çelik deyib.

Onun sözlərinə görə, gələcəkdə də sukuk Türkiyənin uzunmüddətli maliyyələşmə, kapital bazarlarının inkişafı və investorların şaxələndirilməsi üçün mühüm alət olaraq qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR