Bank Of Baku

“Sərhədsiz Reportyorlar” İrandakı parlament seçkiləri ilə bağlı bəyanat yayıb

“Sərhədsiz Reportyorlar” İrandakı parlament seçkiləri ilə bağlı bəyanat yayıb
# 02 mart 2012 22:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Mərkəzi qərargahı Fransanın paytaxtı Paris şəhərində yerləşən “Sərhədsiz Reportyorlar” (Reporters sans frontières) jurnalist hüquqlarını beynəlxalq müdafiəsi təşkilatı İranda martın 2-də keçirilmiş IX çağırış parlament seçkiləri ilə bağlı bəyanat yayıb. APA-nın məlumatına görə, sənəddə bildirilir ki, seçkilər ərəfəsində mətbuata çox ciddi senzura tətbiq olunub: “Bu da jurnalistlərin peşəkar fəaliyyətinə maneçilik törədib. Nəticədə səsvermə hüququna malik 48 milyondan çox seçici seçkilərlə bağlı müstəqil məlumat almaqdan məhrum olub”. Bəyanatda deyilir ki, İranda 2009-cu il mübahisəli prezident seçkilərindən sonra jurnalistlərə qarşı təzyiqlər artıb: “Heç bir müstəqil mətbu orqan hökumətin basqısından kənarda qalmayıb. Hazırda bu ölkədə 48 jurnalist həbsdədir və bu baxımdan İran dünyada üçüncü yerdədir”. Sənəddə qeyd olunur ki, İranda hökumətə yaxın namizədlərin seçki ərəfəsində pulsuz təbliğat və təşviqat kampaniyası aparması mümkün olsa da, ancaq proses yenə də mövcud quruluşun tamamilə nəzarəti altında olub: “İranda jurnalistlərin həbs edilməsi, qəzetlərin nəşrinin dayandırılması, peyk vasitəsilə yayımlanmağa çalışan xarici telekanalların viruslar göndərilərək qarşısının alınmasına cəhd göstərilməsi, internet saytlarına filter tətbiq edilməsi və s. göstərir ki, bu seçkilər heç bir demokratik standartlara uyğun deyil və nəticələri də etibarsızdır. Çünki ifadə azadlığı kimi fundamental hüquqlar təmin edilmədən digər azadlıqlar qoruna bilməz”. Bəyanatda vurğulanır ki, bir çox xarici jurnalistlərə seçkiləri müşahidə etmək üçün viza verilməyib.
Qeyd edək ki, İran mətbuat azadlığı indeksinə görə dünyada 179 ölkə arasında 175-ci yerdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR