Bank Of Baku

Ketrin Eşton İranın “altılıq”la müzakirə istəyini müsbət qiymətləndirib

Ketrin Eşton İranın “altılıq”la müzakirə istəyini müsbət qiymətləndirib
# 06 mart 2012 17:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin bu ilin fevralında göndərdiyi məktubu cavablandırıb. APA-nın məlumatına görə, K. Eşton məktubunda İranın mübahisəli nüvə proqramı ilə bağlı Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyadan ibarət “altılıq”la müzakirə istəyinə müsbət cavab verib. Eyni zamanda AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi öz məktubunda İranın bundan sonra dialoqu davam etdirəcəyinə və nüvə proqramı ilə əlaqədar uzun müddətdir sürən beynəlxalq narahatlıqları aradan qaldıracaq gerçək bir irəliləyişə təkan verəcəyinə ümidvar olduğunu yazıb. Ancaq K. Eşton məktubunda görüşün yeri və tarixi barədə heç bir təklif irəli sürməyib. Lakin S. Cəlili məktubunda müzakirələrin bir an əvvəl başlamasını və yer olaraq da Türkiyənin İstanbul şəhərini təklif edib.

Bu arada Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) nüvə fəaliyyətlərini nəzarət etməsinə icazə verəcəyi təqdirdə, rəsmi Moskvanın Tehrana qarşı birtərəfli sanksiyaların qaldırılması üçün müzakirələrin başlamasına çalışacağını bildirib. O bu məsələnin İranın nüvə proqramının dayandırılması üçün beynəlxalq vasitəçi rolunu oynayan “altılıq” ölkələrinin görüşündə də Rusiya tərəfindən gündəmə gətiriləcəyini deyib. Eyni zamanda S. Ryabkov vurğulayıb ki, İran “altılıq”la müzakirələrin bərpasına hazır olduğunu açıqlayıb və müzakirələrin başlaması “5+1” qrupunun xeyrinədir: “S. Cəlilinin K. Eştona məktubu və digər addımlar İranın hər zaman dialoqa hazır olduğunu sübuta yetirir. Bu ölkə ötən aylarda iki dəfə AEBA müfəttişlərinin nüvə obyektlərində yoxlamalar aparmasına icazə verib. Ona görə də süründürməçilik “altılıq” ölkələrinin xeyrinə deyil. İranın yandırdığı yaşıl işığa müsbət yanaşmaq lazımdır”.

İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə isə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən agentliyin Direktorlar Şurasının iclasında çıxışında nüvə təhlükəsizliyinin siyasi məsələyə çevrilməsinin əleyhinə olduğunu bildirib: “Nüvə təhlükəsizliyi beynəlxalq miqyaslı texniki məsələdir və bəşəriyyətin həyatı ilə birbaşa əlaqə kəsb etdiyi üçün onu siyasiləşdirmək düzgün deyil. Nüvə təhlükəsizliyi ilə əlaqədar məlumatların mübadiləsinə heç cür məhdudiyyət tətbiq edilməməli, bu haqda müvafiq qərarlar qəbul olunmalı və lazımi avadanlıqlar verilməlidir”.

Onun sözlərinə görə, Fukaşimada baş verən nüvə fəlakətindən bir il sonra AEBA rəhbərliyi və Yaponiya rəsmiləri bu hadisə barədə dəqiq hesabat versələr, agentliyə üzv dövlətlərin təcrübəsi artar və gələcəkdə oxşar hadisələr təkrarlanmaz. Ə. Sultaniyə nüvə təhlükəsizliyinin təmin olunmasında beynəlxalq standartlara əməl olunmasını vacib sayaraq iranlı alimlərin siyasi motivlər əsasında tədbirlərdən xəbərdar edilməməsini agentliyini nizamnaməsinə zidd hərəkət adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR