ABŞ-ın heç bir hərbi qüvvəsinin Ermənistanda yerləşdirilməyəcəyinə dair bizə təminat verilib.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə TRIPP layihəsi və Ermənistanda keçirilən üçtərəfli görüşlə bağlı sualı cavablandırarkən bildirib.
O qeyd edib ki, İranın mövqeyi dəfələrlə bəyan edilib və ölkə kommunikasiya yollarının açılmasını alqışlayıb: “Biz vurğulamışıq ki, bu proses regionun geosiyasi vəziyyətində dəyişikliklərə səbəb olmamalıdır. Biz ABŞ qüvvələrinin bölgədə törədə biləcəyi təxribatlardan narahat olmalıyıq. Narahatlığımızı Ermənistan tərəfinə çox açıq şəkildə bildirmişik. Bizə təminat verilib ki, Ermənistanda ABŞ-ın heç bir hərbi qüvvəsi yerləşdirilməyəcək və layihəni Ermənistan şirkətləri həyata keçirəcək.
Bununla belə, biz prosesi çox diqqətlə izləyirik və zəruri hesab etdiyimiz hər bir halda mövqeyimizi açıqlayacağıq”, – deyə Bəqayi bildirib.