“Nüvə məsələsini yekun razılaşmaya saxladıq”.
APA-nın Tehran bürosunun məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi televiziya müsahibəsində İran və ABŞ arasında aparılan danışıqların son vəziyyəti və mümkün razılaşmanın detalları barədə danışıb.
Əraqçi bildirib ki, bu danışıqlarda iki mərhələ nəzərdə tutulub; əvvəlcə anlaşma memorandumu, daha sonra isə yekun saziş.
Onun sözlərinə görə, nüvə məsələsi yekun razılaşmaya saxlanılıb.
İranın xarici işlər naziri əlavə edib ki, anlaşma memorandumunda bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin başa çatdığı elan ediləcək.
Əraqçinin sözlərinə görə, sənəddə dəniz blokadasının aradan qaldırılması, növbəti danışıqlar raundunun mövzuları, sanksiyaların ləğvi, eləcə də yenidənqurma və iqtisadi inkişaf məsələləri yer alır.
O vurğulayıb ki, qarşı tərəf bundan sonra müharibəyə başlayan tərəf olmayacağını, hədələmə və gücdən istifadə etməyəcəyini öhdəsinə götürəcək, tərəflər bir-birinin suverenliyinə hörmət edəcək və daxili işlərinə qarışmayacaq.
“Açıq şəkildə deyirəm ki, bu razılaşmanın düşmənləri var və onların başında İsrail dayanır”, - Əraqçi əlavə edib.
Nazir qeyd edib ki, hazırda yayılan heç bir mətn təsdiqlənə bilməz.
Onun sözlərinə görə, razılaşma və danışıqlar ikitərəflidir, lakin tərəflər müəyyən səviyyədə razılığa gəlməlidirlər. Elə bir razılaşma ola bilməz ki, bir tərəf 0 faiz, digər tərəf isə 100 faiz qazansın.
Əraqçi bildirib ki, anlaşma memorandumundan sonra 60 günlük danışıqlar başlayacaq.
O, Hörmüz boğazı barədə də deyib ki, bu boğaz İran və Omanın suverenliyi altındadır və İranın qəti qərarına əsasən, Hörmüz boğazının gələcəyi və idarə olunması əvvəlki kimi olmayacaq.
Nazir onu da vurğulayıb ki, əgər anlaşma mətni icra olunmasa, heç bir danışıq başlamayacaq və ikinci mərhələyə keçilməyəcək.
Əraqçi həmçinin əlavə edib ki, yenidənqurma planının mexanizmi 60 günlük danışıqlar dövründə yekunlaşdırılacaq.