Ermənistan və İran illik ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı hədəfləyir.
APA "armenpress"ə istinadən xəbər verir ki, bu barədə Tehranda səfərdə olan Ermənistan maliyyə naziri Tiqran Xaçatryanın İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi ilə görüşündə bildirilib.
"Ermənistan və İranın maliyyə nazirləri iki qonşu ölkə arasında bir sıra iqtisadi prioritetləri, xüsusilə illik 3 milyard ABŞ dolları dəyərində ticarətin həyata keçirilməsi, mal mübadiləsinin həcminin 5 milyon tona çatdırılması, habelə maliyyə, bank, ticarət və gömrük əlaqələrini müzakirə ediblər", Ermənistan Maliyyə Nazirliyi yaydığı məlumatda bildirib.
"İran və Ermənistanın iqtisadi və siyasi münasibətlərinin tarixi onilliklərə dayanır. Davam edən danışıqların əsasını iki ölkə arasında bu uzunmüddətli əməkdaşlıq təşkil edir və Ermənistanla İran arasında kommersiya əlaqələrinin üç milyard dollar səviyyəsinə çatdırılması məqsədi bu əsasların sübutudur”, - Ermənistanın maliyyə naziri iranlı həmkarı ilə görüşdə deyib.
İki ölkə arasında iqtisadi mübadilələrin həcmində qeydə alınan 25 faizlik artıma toxunan erməni nazir bildirib ki, bu il bu artım 40 faizdən çox olacaq.
İranlı nazir isə deyib ki, onun ölkəsi qonşu dövlətlərin yürütdüyü iqtisadi siyasəti çox diqqətlə izləyir: "Bizim diqqətimiz həm də Qafqaz regionuna yönəlib və ümid edirəm ki, ölkələrimiz arasında 3 milyard dollarlıq ticarət dövriyyəsi həyata keçirmək məqsədinə çatacağıq".
O xatırladıb ki, bu məsələ İran prezidenti ilə Ermənistanın baş nazirinin görüşündə də müzakirə olunub.
Qeyd edək ki, Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan və müavini Avaq Avanesyan İranda səfərdədir. Noyabrın 7-də başlayan səfər noyabrın 9-da başa çatacaq.