Fələstin Prezidenti Mahmud Abbas prezident və parlament seçkilərinin 2027-ci il sentyabrın 11-nə təxirə salınması barədə fərman imzalayıb.
APA “Deutsche Welle”yə istinadən xəbər verir ki, parlament seçkilərinin bu il noyabrın 28-də, prezident seçkilərinin isə 2027-ci ilin əvvəlində keçirilməsi planlaşdırılırdı.
Mahmud Abbas qərarını İsrailin tətbiq etdiyi məhdudiyyətlərlə əsaslandırıb. O bildirib ki, mövcud şəraitdə azad və ədalətli seçkilərin keçirilməsi mümkün deyil.
Fərmanda İordan çayının qərb sahilində və Şərqi Qüdsdə zorakılıq halları, hərəkət məhdudiyyətləri və İsrailin Fələstinə məxsus vergi gəlirlərini saxlaması əsas maneələr kimi göstərilib.
Qəzza zolağındakı ağır humanitar vəziyyət, təhlükəsizlik problemləri və bərpa işlərinin ləngiməsi də seçkilərin təxirə salınmasının səbəbləri arasında qeyd olunub.
İsrailin xarici işlər naziri Gideon Saar isə qərarı tənqid edərək Abbası məsuliyyətdən yayınmaqda ittiham edib.
Qeyd edək ki, Fələstində son parlament seçkiləri 2006-cı ildə, prezident seçkiləri isə 2005-ci ildə keçirilib. Mahmud Abbasın prezidentlik müddəti 2009-cu ildə başa çatsa da, o, ölkəni fərmanlarla idarə etməyə davam edib.