Bank Of Baku

İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq

İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq
# 12 sentyabr 2026 20:34 (UTC +04:00)

İran və Oman arasında əldə olunan anlaşmanın yaxın vaxtlarda Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə elan edilməsi planlaşdırılır.

APA-nın Tehran bürosunun məlumatına görə, “Mehr” xəbər agentliyinə danışan məlumatlı mənbə Tehran və Maskat arasında əldə olunan anlaşma ilə bağlı yeni detalları açıqlayıb.

Mənbənin sözlərinə görə, anlaşma yalnız İran və Oman arasında əldə olunub. Digər ölkələrin nümayəndələri isə yeni marşrut və gəmi hərəkətinin təşkili ilə bağlı detallarla tanış olmaq, həmçinin buna etiraz etmədiklərini beynəlxalq ictimaiyyətə dolayısı ilə nümayiş etdirmək məqsədilə toplantıda iştirak edəcəklər.

Anlaşma çərçivəsində İran və Oman arasında Hörmüz boğazından giriş və çıxış üçün nəzərdə tutulan yeni marşrutların detalları və xüsusiyyətləri ilə bağlı razılıq əldə olunub.

Bildirilib ki, Fars körfəzinə giriş marşrutu tamamilə İranın ərazi sularından keçir. Körfəzdən çıxış marşrutunun isə bir hissəsi İranın ərazi sularında yerləşir.

Mənbənin sözlərinə görə, bu marşrut üzrə hərəkət İranın müəyyən etdiyi qaydalar əsasında həyata keçiriləcək. Yeni marşrut tətbiq edildikdən sonra ABŞ-ın açılmasında israr etdiyi və son gərginliyin əsas səbəblərindən biri hesab olunan cənub marşrutu bağlanacaq.

Toplantıda İran və Omanla yanaşı, Fars körfəzinə sahili olan digər ölkələrin, eləcə də İraqın iştirakı nəzərdə tutulur.

Mənbə xüsusi vurğulayıb ki, əldə olunan anlaşma Hörmüz boğazının açılması demək deyil.

Onun sözlərinə görə, İran boğazın açılması üçün irəli sürdüyü yeddi şərti vasitəçilər vasitəsilə ABŞ tərəfinə çatdırıb. İran İslam Respublikasının ali hakimiyyət orqanları tərəfindən təsdiqlənən həmin yeddi şərt yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı qalacaq.

Mənbə əlavə edib ki, İran və Oman arasında əldə olunan anlaşma boğazın dərhal açılmasını deyil, onun açılacağı təqdirdə gəmi hərəkətinin məhz bu razılaşma əsasında təşkil olunmasını nəzərdə tutur.

Onun sözlərinə görə, bu, İranın Hörmüz boğazı üzərində suverenliyini həyata keçirməsi baxımından mühüm addım olacaq.

Mənbə qeyd edib ki, Hörmüz boğazının açılıb-açılmaması ABŞ tərəfinin İranın irəli sürdüyü şərtlərin yerinə yetirilməsi istiqamətində atacağı addımlardan asılıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR