ABŞ və İran arasında imzalanması nəzərdə tutulan memorandumla bağlı İsveçrədə keçirilən dördtərəfli danışıqlar 80 dəqiqəlik müzakirələrdən sonra dayandırılıb.
Bu barədə İranın Fars agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, fasilə nümayəndə heyətlərinin öz daxilində əlavə məsləhətləşmələr aparmasına ehtiyac yaranması ilə əlaqədardır.
***
19:34
İsveçrədə Pakistan və Qətərin vasitəçiliyi ilə davam edən İran-ABŞ danışıqlarına daxili məsləhətləşmələrin aparılması məqsədilə fasilə verilib.
Bu barədə “Fars” Agentliyi məlumat yayıb.
Nümayəndə heyətlərinin bu fasilədən istifadə edərək öz paytaxtları ilə əlaqə saxlaması və son inkişaflarla bağlı fikir mübadiləsi aparması gözlənilir.
İran Xarici İşlər Nazirliyinin və danışıqlar üzrə nümayəndə heyətinin sözçüsü İsmayıl Bəqai bildirib ki, fasilədən sonra görüşlər yenidən davam etdiriləcək.
Qeyd edək ki, danışıqlarda ABŞ nümayəndə heyətinə Vitse-prezident Cey Di Vens, İran nümayəndə heyətinə ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf başçılıq edir.
***
saat 15.36
İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar rəsmən başlayıb.
APA xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqa bildirmişdi ki, bu gün səhər saatlarında İsveçrədə İran nümayəndə heyəti ilə prosesin vasitəçiləri qismində çıxış edən Pakistan və Qətər nümayəndə heyətləri arasında ikitərəfli görüşlər təşkil olunacaq. Günortadan sonra isə İran və ABŞ nümayəndə heyətləri arasında Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.