Pakistan Baş naziri Şahbaz Şərifin sosial şəbəkədə İranla bağlı yayımlanan paylaşımı Ağ Ev tərəfindən əvvəlcədən nəzərdən keçirilib və təsdiqlənib.
Bu barədə “New York Times” məlumat yayıb.
Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın İrana verdiyi möhlətin bitməsinə az qalmış Pakistan tərəfi ABŞ və İran arasında razılaşmaya son dəfə cəhd edib.
Şərif aprelin 7-də etdiyi paylaşımında “Yaxın Şərqdə davam edən müharibənin sülh yolu ilə həlli üçün diplomatik səylər ardıcıl, inamlı və fəal şəkildə irəlilədiyini və yaxın gələcəkdə əhəmiyyətli nəticələr verə biləcəyini” yazıb.
“Diplomatiyaya öz potensialını reallaşdırmaq imkanı yaratmaq üçün mən Prezident Trampdan müəyyən edilmiş müddəti iki həftə uzatmağı qəti şəkildə xahiş edirəm”, – deyə Şərif yazıb.
Məqalədə qeyd edilir ki, Pakistan Baş naziri Trampa ünvanlanan və özündə xahiş əks etdirən paylaşımı Ağ Evin təsdiqindən sonra yazıb.
Pakistan Baş naziri ABŞ Prezidenti Donald Trampı İrana verdiyi son tarixi uzatmağa çağırıb. Bu addımın məqsədi diplomatiyaya əlavə vaxt qazandırmaq və gərginliyi azaltmaq olub.