Qətərin Ras-Laffan sənaye zonasında yerləşən qaz emalı zavodunda baş verən partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb, daha 18 nəfər isə itkin düşmüş hesab olunur.
APA xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Ras-Laffan sənaye rayonundakı zavodlardan birində baş vermiş qəza nəticəsində xəsarət alanların sayı 54 nəfərdir. Daxili Təhlükəsizlik Qüvvələrinin “Ləxviyə” axtarış-xilasetmə qrupu və mülki müdafiə əməkdaşları 18 itkin düşmüş şəxsin axtarışını davam etdirir”, - deyə məlumatda bildirilir.
***
00:27
Qətərin Ras-Laffan sənaye zonasında yerləşən mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı müəssisəsində partlayış baş verib.
APA xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, partlayışa texniki nasazlıq səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb və insanların təhlükəsizliyinə təhdid yaradan hər hansı sızma qeydə alınmayıb.
Nazirlik bildirib ki, hazırda hadisə yerində mülki müdafiə qüvvələri fəaliyyət göstərir. Şahidlərin sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.
Qeyd edək ki, Ras-Laffan Qətərin şimal sahillərində yerləşən və dünyada ən böyük mayeləşdirilmiş təbii qaz istehsal mərkəzi hesab olunan sənaye klasteridir.
Kompleks dövlətə məxsus "QatarEnergy" şirkətinin idarəçiliyindədir.