Bakı-APA. Çinin baş naziri Li Keqiang “Şərq ulduzu” gəmisinin qəzaya uğradığı əraziyə yollanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Çin Xalq Respublikasının sədri Si Tszinpin bütün səyləri qəzaya uğramış gəminin sərnişinləri və ekipaj üzvlərinin xilasına yönəltmək barədə göstəriş verib.
Nankin şəhərindən Çuntsinə yollanan gəmi yerli vaxtla saat 21:28-də Xubey əyalətində batıb. Gəminin göyərtəsində 405 sərnişin, 47 ekipaj üzvü və 5 turizm agentliyinin əməkdaşı olub. Gəminin kapitanı və baş mühəndisi “Şərq ulduzu”nun qasırğaya düşdüyünü bildiriblər.
İndiyə qədər 8 nəfərin xilas edildiyi məlumdur. Kəskin hava şəraiti, güclü külək və yağış xilasedicilərin işini çətinləşdirir.