Bakı. Könül Cəfərli – APA. “Xəzəryanı ölkələr dənizin hüquqi statusunun həll olunmasını istəyir və bu istiqamətdə fəaliyyət göstərirlər”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi Mazandaran vilayətinin Behşəhr şəhərində Xəzərin hüquqi statusunun da müzakirə olunduğu milli konfransda deyib. O bildirib ki, İran ölkənin milli mənafeyini, o cümlədən Xəzər dənizindəki maraqlarını qorumaq üçün bəzi prinsiplərə riayət etməyə borcludur: “İran 1979-cu il inqilabının zəfər çalmasından 34 il keçməsinə və İraqla 8 illik müharibəyə baxmayaraq, öz ərazisinin bir qarışını belə əcnəbi ölkələrə verməyib”.
Salehi İranın 15 qonşu ölkə ilə ortaq su sərhədinə malik olan dünyanın azsaylı ölkələrindən biri olduğunu söyləyib: “İranla qonşuları arasındakı əlaqələrin tənzimlənməsi üçün siyasi, iqtisadi və beynəlxalq prinsiplərə riayət olunmasına ehtiyac var”.