Bakı. Könül Cəfərli – APA. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Suriyada səfərdədir.
APA-nın İran mətbuatına istinadən məlumatına görə, S. Cəlili Dəməşqdə İsrailin Suriyanın araşdırma mərkəzinə aviazərbəsini pisləyib və bunu təcavüzkar addım kimi qiymətləndirib: “Suriya İsrail qarşısında müsəlman dünyasının güclü və vacib ön cəbhəsidir. Suriya xalqı son bir neçə on ildə müqavimətin qalasına çevrilib və bundan dolayı da son iki ildə düşmənlərin hədəfi halına gəlib. Ona görə də hazırda müxtəlif bəhanələrlə Suriya xalqından intiqam almaq istəyirlər. Bu çərçivədə Suriyanın iqtisadi infrastrukturu hədəf alınıb və bu ölkəyə qarşı sanksiya tətbiq edilir. Ancaq müsəlman dünyası xarici qüvvələrin, xüsusilə İsrailin Suriyaya hərbi müdaxilə etməsinə icazə verməyəcək.”.
Onun sözlərinə görə, xarici qüvvələr bir tərəfdən Suriya xalqının dostu olduqlarını və onları dəstəklədiklərini bildirirlər: “Digər tərəfdən də təzyiq altında saxlayırlar. Ona görə də müsəlman dünyası Suriya xalqına qarşı təzyiqlərin azaldılması üçün əməkdaşlıq etməlidirlər”.
S. Cəlili deyib ki, İran Suriyada sülh və təhlükəsizliyin təmin edilməsi, iqtidarla müxalifət arasında dialoqun yenidən başlanması, bu ölkənin iqtisadi sisteminin yenidən canlandırılması və s. kimi köməkliyi göstərməyə hazırdır.
Bu gün S. Cəlili Suriya prezidenti Bəşər Əsədlə də görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda görüşdə Suriyadakı böhran əsas müzakirə mövzusu olub.
Qeyd edək ki, Səid Cəlili səfər çərçivəsində Suriyanın baş naziri Vail əl-Həlqi ilə görüşüb.