Bakı. Könül Cəfərli - APA. İranın paytaxtı Tehran şəhərinin Evin həbsxanasında saxlanılan tanınmış azərbaycanlı jurnalist və fəal Səid Mətinpur aclıq aksiyasını dayandırıb.
APA-nın məlumatına görə, S.Mətinpur onunla eyni kamerada saxlanılan və səhhəti ağır olduğu halda, tibbi yardım göstərilməyən digər azərbaycanlı fəala dəstək olmaq üçün yanvarın 5-dən aclıq aksiyasına başlayıb. Lakin dünən gecə saatlarında onurğa sütunundan əziyyət çəkən Rza Şəhabi İmam Xomeyni adına xəstəxanaya göndərilib. Ona müalicə alması üçün 5 gün icazə verilib.
Qeyd edək ki, S.Mətinpur həbsxanada yazdığı məktubunda işçilərin hüquqlarının müdafiəsi üzrə azərbaycanlı fəal Rza Şəhabinin həbs edilən zaman ağır işgəncələrə məruz qaldığını, nəticədə onurğa sütununa ciddi zədə dəydiyini qeyd edib. O bildirib ki, R.Şəhabi müalicə olunması üçün dəfələrlə müraciət etsə də, xəstəxanaya göndərilməyib. Səhhəti ağır olan R.Şəhabinin müalicə almağa çox ehtiyacı var: “Əks halda, iflic ola bilər. Xəstəxanaya göndərilməməsinə etiraz olaraq o, 20 gündür aclıq aksiyasına başlayıb. Azərbaycanlı fəala dəstək olmağı özümə mənəvi borc bildim və mən də yanvarın 5-dən aclıq aksiyasına başladım. Bunu hər bir azərbaycanlı edərdi”.
S.Mətinpur 2008-ci ildə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O əcnəbilərlə əlaqəyə girərək İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirləndirilib.