Bakı. Könül Cəfərli - APA. “İran hökumətlər və xalqlar arasında sülhün təmin edilməsini davamlı dəstəkləyib, Türkiyədə də bu istiqamətdə görülən işləri dəstəkləyir”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bu fikirləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst son günlər Türkiyənin bəzi KİV-ində üç qadın PKK terrorçusunun Parisdə qətlə yetirilməsində ölkəsinin günahlandırılmasına münasibət bildirərkən səsləndirib.
Onun sözlərinə görə, İsrailə yaxın mətbu orqanları Türkiyə xalqını illərdir İrana qarşı pessimist etməyə çalışır: “Ancaq iki ölkə və xalqları arasındakı güclü bağlardan dolayı onların bu səyləri boşa çıxır. İran və Türkiyə arasındakı əlaqələr hər zaman qarşılıqlı hörmət və yaxşı qonşuluq üzərinə qurulub. İran Türkiyənin sabitlik, təhlükəsizlik və ərazi bütövlüyünü öz sabitlik və təhlükəsizliyi olaraq görür. Bölgədə qeyri-sabit vəziyyətin yaranmasında xarici ölkələri əsas ünsür olaraq görürük”.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinə (TBMM) Mardin şəhərindən seçilmiş kürd əsilli deputat Əhməd Türk bu qətllərin arxasında İranın olduğunu bildirib: “Bu dəfə mən dövlət olduğunu düşünmürəm. Hadisənin arxasında Türkiyənin bölgədə təkbaşına beynəlxalq güc olmasını istəməyən qüvvələr ola bilər. Türkiyənin kürd problemini həll etməsi onun bölgədə tək güc olmasını təmin edə bilər. Bu səbəbdən hadisəni İran törətmiş ola bilər. Bu cür olaylar əvvəllər də olub”. Onun sözlərinə görə, Suriya kəşfiyyatı İran kəşfiyyatı ilə birlikdə işləyir: “Bu, Suriyanın da işinə yarayır. Mən hadisənin arxasında İranın dayandığını ehtimal edirəm”.