Bank Of Baku

İran və Türkiyə xarici işlər nazirləri arasında görüş keçirilib

İran və Türkiyə xarici işlər nazirləri arasında görüş keçirilib
# 27 noyabr 2013 22:21 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İran və Türkiyə xarici işlər nazirləri arasında görüş keçirilib. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, görüşdən sonra nazirlər jurnalistlərin suallarını cavablandırıb.

 

Məhəmməd Cavad Zərif bildirib ki, görüşdə türkiyəli həmkarı ilə ikitərəfli əlaqələr və Suriya böhranı başda olmaqla, digər regional və qlobal məsələləri müzakirə edib: “Biz Suriya xalqının problemlərinin yüngülləşdirilməsi məsələsini müzakirə etdik. Nəticədə Suriyadakı qarşıdurmaların atəşkəs rejimi çərçivəsində olsa belə dayandırılması və beləcə xüsusilə qış mövsümü yaxınlaşarkən bu ölkənin xalqına humanitar yardım çatdırmaq imkanının təmin edilməsini qərara aldıq”.

 

Əhməd Davudoğlu isə iranlı həmkarını Cenevrə razılaşmasına görə təbrik edib və deyib ki, Türkiyə bölgədə və dünyada nüvə silahlarının yayılmasını istəmir: “Ancaq nüvə texnologiyasından dinc məqsədlər üçün istifadəyə maneə törədilməsininin də tərəfdarı deyil”.

 

Onun sözlərinə görə, İrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması iki ölkə arasında əlaqələrə və İranın regiondakı iqtisadi fəaliyyətinə müsbət təsir göstərəcək: “Türkiyə və İran iqtisadiyyatları bir-birini tamamlayan iqtisadiyyatlardır, rəqib iqtisadiyyatlar deyil. Bu səbəbdən qarşılıqlı inteqrasiya ilə böyük bir sinerji yarana bilər. İki ölkənin iqtisadiyyatı gücləndikcə, bölgədə xüsusi bir iqtisadi güc meydana gələcəyinə inanıram. İran və Türkiyə növbəti iki ildə iqtisadi əlaqələrini inkişaf etdirəcək. Qarşıdakı dövrdə ikitərəfli əlaqələrimizin, xüsusilə ticarət, enerji və mədəniyyət sahələrində böyük bir sürətlə irəliləyəcəyini düşünürəm”.

 

Ə.Davudoğlu bölgədəki problemləri, xüsusilə Suriya məsələsini ətraflı şəkildə müzakirə etmək imkanı tapdıqlarını da vurğulayıb: “Suriya, Livan və bütün digər bölgə ölkələrinin sabitliyi həm Türkiyə, həm də İran üçün böyük əhəmiyyət daşıyır. Görüşdə bölgədəki bütün sərhədlərin qorunması, ölkə xalqlarının öz qərarlarını verməsi, sabit və təhlükəsiz bir bölgənin meydana gəlməsi, terrora qarşı ortaq əməkdaşlıq və bölgədəki təxribatlara qarşı ortaq hərəkət etmək və s. ətrafında fikir mübadiləsi apardıq”.

 

Türkiyə xarici siyasət idarəsinin rəhbəri iranlı həmkarı ilə sayı iki milyonu keçən suriyalı mühacirlər, həmçinin Suriya daxilində təcili humanitar yardıma möhtac olan 5 milyondan çox insana necə kömək çatdırıla biləcəyi mövzusunda hər iki ölkənin birlikdə nələr edə biləcəyini də müzakirə etdiklərini söyləyib: “Cenevrədə Suriya böhranı ilə bağlı keçirilməsi planlaşdırılan toplantının müvəffəqiyyətli ola bilməsi üçün bölgədə atəşkəsin təmin edilməsi mövzusunda İranla həmfikirik. Suriyada bütün tərəflərin bir yerə gələrək Suriya xalqının iradəsi ilə əli qana bulaşmamış insanların ölkə rəhbərliyinə gəlməsi və hər kəsin sülh içərisində yaşamasının zəmanət verilməsi mövzusunda ortaq işi davam etdirəcəyik”.

 

Ə.Davudoğlu həmçinin bildirib ki, İran prezidenti Həsən Ruhani 2014-cü ilin yanvar ayında Türkiyəyə səfər edəcək. Onun sözlərinə görə, bundan sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR