Bakı. Real Cəfərli – APA. “Suriyaya hərbi müdaxilə olunmaması üçün bütün diplomatik səylərimizi səfərbər etmişik”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verditi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
Onun sözlərinə görə, İran bölgədə müharibə baş verməməsi üçün səy göstərəcək: “Bölgədə müharibə baş verəcəyi təqdirdə hər kəs təhlükəyə girəcək. Bəzi qrupların mənfəəti müharibə və ixtilaf çıxarmaq, bəzi qrupların da təkfirçi və radikal qruplara dəstək verməklə qarışıqlıq yaradaraq hərbi məqsədlərini genişləndirməkdir. Lakin müharibənin əhatə dairəsinin genişlənməsi onların da zərərinə olacaq”.
M. Zərif deyib ki, Böyük Britaniya parlamentinin qərarı və ABŞ-da keçirilmiş sorğular Qərb ictimaiyyətinin müharibəyə hazır olmadığını göstərir: “Həmkarlarımla telefon danışığında da Suriyadakı qarşıdurmanın daha da şiddətlənməməsi üçün lazımi tədbirlər görülməsi və müzakirələrin təşkil edilməsi istiqamətində addımların atılmasının vacib olduğunu bildirdim. Eyni zamanda kimyəvi silahların Suriya hökuməti tərəfindən istifadə edildiyinə dair sənədlər, həqiqətlər və müşahidələrin ortaya çıxarılmasının lazım olduğunu söylədim. Bəzi həmkarlarım mənimlə eyni fikri paylaşdı, bəziləri isə kimyəvi silahların Suriya hökuməti tərəfindən istifadə edildiyi iddiasını dəstəklədi”.
İran XİN rəhbəri vurğulayıb ki, bir neçə ölkə özünü prokuror, hakim və edam məmuru kimi aparır: “Onlar həqiqətlər əsasında deyil, öz mənfəətləri çərçivəsində hərəkət edirlər. Bu da dünya tərəfindən qəbul olunmur. Bu məsələ onların özləri üçün belə təhlükəlidir”.