Bakı. Real Cəfərli - APA. İranda 27 min nəfər immun çatışmazlığı virusuna (İİV/QİÇS) yoluxmuş xəstə var.
APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu İranın səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari bildirib.
Onun sözlərinə görə, ölkədə bu virusa yoluxanların sayı 2001-ci ildən bəri, yəni son 12 ildə 9 dəfə artıb: “Hazırda İranda QİÇS-ə yoluxma yolu dəyişib. Belə ki, cinsi yolla yoluxma halı tədricən dominant amilə çevrilir. Əgər 2001-ci ildə 10% cinsi yolla bu virusa yoluxurdusa, ancaq 2012-ci ildə bu göstərici 33%-ə çatıb”.
Ə.Ə.Səyyari deyib ki, QİÇS-ə yoluxma halları küçə uşaqları və əhalinin digər təbəqələri arasında yayılıb: “Hətta Tehranda bu göstərici 45 dəfə artıb. Bununla bağlı Tehran şəhərində min küçə uşağı arasında bir sorğu keçirilib. Nəticədə onların 0,8%-nin QİÇS xəstəliyinə yoluxması faktı ortaya çıxıb. Bu isə ölkə əhalisinin 0,1%-i deməkdir. Bu sorğu həmin uşaqların narkotik maddələrə aludə olduqlarını da ortaya çıxarıb. Belə ki, onlardan 15%-nin narkotik maddələrdən istifadə etmək kimi təcrübəsi olduğu üzə çıxıb. Eyni zamanda onlardan 72%-i dostlarının narkotik maddələrdən istifadə etdiklərini deyiblər”.
İran səhiyyə nazirinin müavini vurğulayıb ki, yaşları 15-18 arasında olan respondentlərin 29%-i heç bir qoruyucu vasitə olmadan cinsi əlaqədə olduqlarını söyləyiblər: “Küçə uşaqları arasında QİÇS xəstəliyinə yoluxma halı cəmiyyətdə təhlükənin artmasından xəbər verir”.