Bakı. Könül Cəfərli - APA. İranda jurnalistlər kütləvi şəkildə həbs olunub. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, son iki gündə ölkədə onlarla jurnalist tutulub.
Onların sırasında ILNA xəbər agentliyi, “Etimad”, “Bahar”, “Arman", “Şarq” kimi gündəlik və “Aseman” kimi həftəlik qəzetlərin jurnalistləri də var. “Etimad” qəzetinin baş redaktoru İlyas Həzrəti bu məlumatı təsdiqləyib.
Qeyd edək ki, həmin jurnalistlərin ölkədə kənarda fars dilində işıq üzü görən kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etdiyi üçün həbs olunduqları ehtimal olunur. Buna səbəb tutulanların əksəriyyətinin İranın islahatçı qüvvələrinə yaxın və müxalifyönlü mətbu orqanların nümayəndələri olmasıdır.