Bakı. Real Cəfərli - APA. İranda səfərdə olan İraqın baş naziri Nuri əl-Maliki bu ölkənin ali dini lideri, ayətullah Seyid Əli Xamneyi tərəfindən qəbul edilib.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olub.
Ayətullah Xamneyi bildirib ki, İranla İraq arasında əlaqələrin inkişaf etdirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində heç bir maneə yoxdur: “İki ölkə arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi vacibdir. İranla İraq arasındakı əlaqələrin hər sahədə inkişaf etdirilməsi üçün çox böyük potensial var”.
Onun sözlərinə görə, İran elm sahəsində son illərdə çox böyük nailiyyətlər qazanıb: “İran bu sahədəki təcrübələrini İraqa verməyə hazırdır. Bu yolla İraq da İranın bu təcrübələrini öz inkişafı üçün istifadə edə bilər. Sizin bu gün ölkənizdəki fəaliyyətləriniz və atdığınız addımlar son dərəcə qiymətlidir. Əlbəttə, İraqın ehtiyacı bununla məhdudlaşmır və daha da çoxdur”.
Ayətullah Xamneyi İraq prezidenti Cəlal Təlabanini İranın səmimi və yaxşı dostu kimi xarakterizə edərək, ona cansağlığı arzulayıb.
Nuri əl-Maliki isə öz növbəsində İrana səfərinin iki ölkə arasındakı əlaqələrin hər sahədə inkişafı üçün çox yaxşı bir fürsət olduğunu deyib: “İki ölkə arasındakı razılaşmaların və səfərlərin müxtəlif sahələrdə əlaqələrin daha da genişlənməsinə gətirib çıxaracağına ümid edirik”.