Bakı. Könül Cəfərli - APA. “İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşimi ilə bağlı ittihamnamə təhlükəsizlik və maliyyə məsələləri ilə bağlıdır”. APA-nın məlumatına görə, bu barədə İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei açıqlama verib.
O bildirib ki, bu ittihamlara görə M.Haşininin işinə inqilab məhkəməsində baxılmalıdır: “İran parlamentindən bir deputat çıxışında bildirib ki, Haşimiyə qarşı 13 ittiham irəli sürülüb. Bu cür açıqlamaların verilməsi doğru deyil. İcazə verin ki, işə inqilab məhkəməsi baxsın, məhkəmə açıqlama versin. Haşiminin məhkəməsinin keçiriləcəyi tarix hələlik dəqiqləşməyib”.
Q.M.Ejei əlavə edib ki, Mirhüseyn Musəvi və Mehdi Kərrubinin ev dustaqlığı davam edir və heç bir dəyişiklik yoxdur: “Əgər onlar səhhətləri ilə əlaqədar xəstəxanaya getmək istəsələr, heç bir problem yoxdur”.