Bakı. Könül Cəfərli - APA. İranın Şərqi Azərbaycan vilayətində yenə zəlzələ baş verib. APA-nın İranın Seysmoloji Mərkəzinin saytına istinadən məlumatına görə, təbii fəlakət fevralın 12-də yerli vaxtla saat 22:24-də qeydə alınıb. Rixter şkalası üzrə 4,1 bal gücündə olan zəlzələnin episentri yenə də Vərzigan şəhəri olub. 5 km dərinlikdə baş verən zəlzələ nəticəsində dağıntı və ya tələfatın olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Yeraltı təkanlar Təbriz şəhərində də hiss olunub.
Qeyd edək ki, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Bu şəhərlərə aid 60 kəndin 80%-nə ciddi ziyan dəyib, Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub. Nəticədə rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.