Bakı. Məlahət Nəcəfova - APA. “Zəlzələdən zərər çəkmiş şəxslərin hamısı daimi və yaxud müvəqqəti mənzillərlə təmin ediliblər və onlardan heç biri çadırda yaşamır”. İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bunu Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi deyib.
Onun sözlərinə görə, dağıntıların təmizlənməsi prosesi bütün ictimai çətinliklərə baxmayaraq, çox qısa bir zamanda yerinə yetirilib: “Zəlzələ bölgəsi 3 milyon ton dağıntıdan təmizlənib. Təmizlənmə mərhələsindən sonra bərpa işlərinin aparılması istiqamətində İranın 11 vilayətinin məskən və şəhərsalma fondlarının bütün imkanları səfərbər edilib. Hazırda 11 mindən çox daimi yaşayış yeri zəlzələdən zərərçəkmiş əhalinin ixtiyarına verilib”.
Məişət problemlərinin həlli istiqamətdə əhalinin mal-qarasının saxlanması üçün “Sepah” və “İslam İnqilabı Məskən Fondu” tərəfindən indiyə kimi 12 min tikili inşa edildiyini xatırladan Ə.Beygi kənd təsərrüfatı məhsullarının saxlanılması üçün əhalinin yaşadığı mənzillərin kənarında 10 min üstüörtülü otaq quraşdırıldığını qeyd edib: “Qırmızı Aypara Cəmiyyəti xalqın və xeyriyyəçilərin köməyi ilə bərpa edilmiş mənzillərin sakinlərinin 4 növ əsas məhsula olan tələbatını təmin edib”.