Bakı. Könül Cəfərli – APA. “İran dində haram olduğu üçün atom bombası istehsal etmək niyyətində deyil”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Türkiyədəki səfiri Bəhmən Hüseyinpur deyib. O bildirib ki, Qərb ölkələri də bunu yaxşı bilirlər: “Ancaq onlar İranın dinc məqsədli nüvə proqramından Tehrana qarşı siyasi təzyiq vasitəsi olaraq istifadə edirlər. Halbuki bu gün İsrail 400 nüvə başlığına sahibdir”.
İranın Qərbə heç vaxt boyun əyməyəcəyini söyləyən B. Hüseyinpur Türkiyənin Suriya ilə sərhədə “Patriot” raket sistemləri yerləşdirməsini də tənqid edib: “Bu sistemin idarəsi Türkiyə hərbçilərinin əlində olmadığından Qərb ölkələrinə güvənmək olmaz”. Səfir həmçinin vurğulayıb ki, İran və Türkiyənin regional məsələləri həll etmək üçün əməkdaşlıq etməsinə Qərb ölkələri tərəfindən əngəl törədilir: “Halbuki hər iki ölkə ən böyük regional aktyordur”.