Bakı-APA. İraqın şimalında yerləşən, əhalisinin əksəriyyəti türkmənlərdən ibarət olan Tuzhurmatu şəhərində gerçəkləşdirilən terror aktında ölənlərin sayı 25 nəfərə çatıb. APA-nın məlumatına görə, terror aktı İraq Türkmən Cəbhəsi sədrinin müavini Əli Haşim Muxtaroğlunun qohumu Əhməd Salah Əsgərin yas mərasimində gerçəkləşdirilib. Partlayış nəticəsində 100-dək insan yaralanıb, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. Yaralananlar arasında Tikrit şəhər valisinin müavini Əhməd Qoca, Kərkük administrasiya rəhbəri Münir Kafili, İraq Türkmən Cəbhəsinin sabiq sədri Sadeddin Ergec və İTC sədrinin müavini Əli Haşim Muxtaroğlu da var. Yaralılar Kərkükdəki xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, yas mərasimi keçirilən Əhməd Salah Əsgər bir gün əvvəl Tuzhurmatunun mərkəzində naməlum şəxslərin avtomat silahlardan açdığı atəş nəticəsində həlak olub.