Bakı-APA. İraq baş nazirinin müavini Saleh əl-Mütləq Ənbar əyalətində keçirilən nümayiş zamanı hücuma məruz qalıb.
Əl-Mütləq hökumət əleyhinə keçirilən mitinqdə çıxış etmək istərkən kütlə «onu «satqın» adlandırıb və ona şüşə, daş və ayaqqabı atılıb.
Mühafizəçilər havaya atəş açaraq əl-Mütləqi qorumaq istəsələr də nümayişçilər həlqəni yararaq baş nazirin müavininin sifətinə zərbələr endiriblər.
Hadisəyə müdaxilə edən polislər əl-Mütləqi oradan uzaqlaşdıra biliblər.
İğtişaş nəticəsində ən azı 2 nəfər yaralanıb.
Nümayişçilər İraq hökuməti tərəfindən son zamanlar terrorçuluq əleyhinə qəbul olunmuş qərarların ləğv olunmasını tələb edirmişlər. Onlar həmin qərarların sünnilər əleyhinə qəbul olunduğunu iddia edirlər. Saleh əl-Mütləq sünnidir və şiə Nuri əl-Malikinin başçılıq etdiyi kabinetdə vəzifə tutur.