Bakı-APA. Fələstinlilərlə sülh İsrail üçün mümkünsüzdür. Bu fikri İsrailin baş naziri Binyamin Netanyahunun müttəfiqi sayılan ölkənin keçmiş xarici işlər naziri Aviqdor Liberman bildirib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Aviqdor Liberman çıxışında qeyd edib ki, münaqişəni həll etmək mümkün deyil, onu yalnız idarə etmək olar.
Qeyd edək ki bu açıqlama ABŞ prezidenti Barak Obamanın İsrailə yaxın vaxtlarda səfər edəcəyi barədə yayılmış xəbərlərin fonunda verilib. Səfər çərçivəsində əsas müzakirə mövzusu İsrail-Fələstin danışıqlarının bərpası məsələsi olacağı gözlənilir. Xatırladaq ki, bu danışıqlar Binyamin Netanyahunun son dörd il hakimiyyəti dövründə dondurulmuşdu. Netanyahu baş nazir postuna təkrar seçildikdən sonra danışıqları bərpa etmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, Aviqdor Liberman xarici işlər naziri vəzifəsindən iki ay əvvəl istefa verib. Buna səbəb ona qarşı irəli sürülən etimaddan sui-istifadə etməsi, aldatma və çirkli pulların yuyulması kimi ittihamlar olub. Buna baxmayaraq o hələ də Knessetim deputatı olaraq qalır və İsrailin nüfuzlu siyasətçisi sayılır.