Həqiqi Asiyaya səyahət
Bu ilin noyabrında Malayziya Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutan “Mega Familiarization Program”ı çərçivəsində Avstraliyadan tutmuş Rusiyaya, Cənubi Afrika Respublikasından tutmuş Çinə qədər olan ölkələrin media nümayəndələri, sosial işçilər və tur agentləri Malayziya turizmi ilə bilavasitə tanış olmaq şansı əldə ediblər. Azərbaycandan olan nümayəndələr də bu təşəbbüs çərçivəsində Malayziya ilə tanış olmaq imkanları yaranıb.
Qeyd edim ki, proqramın əsas məqsədi beynəlxalq media nümayəndələri ilə bu mənada daha yaxın münasibətlər qurmaq, onlara Malayziya turizmi barədə geniş məlumat vermək, ümumilikdə dünya miqyasında Malayziya həqiqətlərini yaymaq və işıqlandırmaqdan ibarət idi. Davamlı həyata keçirilən proqramın budəfəki özəlliyi Malayziyada geniş qeyd edilən Deepavali festivalı və Malayziya il sonu endirimlərinə təsadüf etməsiydi.
“Mega Familiarization”
Ölkə üzrə turlara başlamazdan öncə ümumi tanışlıq məqsədilə sessiyalar keçirildi. İlk sessiyada çıxış edən Malayziya Turizm Nazirliyinin baş direktorunun müavini Dato Haji Azizan Noordin xarici qonaqlara ölkədə indiyədək turizm sahəsində görülən işlər, gələcəkdə bu sektorun inkişafı istiqamətində nəzərdə tutulan perspektiv layihələr barədə məlumat verdi.
\Sessiyadan sonra baş direktor müavini ilə Azərbaycan və Malayziya arasında turizm sahəsindəki münasibətlər barədə qısaca söhbət etmək imkanımız oldu. Ölkələrimiz arasında turizm və mədəniyyət sahəsində münasibətlərin yüksələn istiqamət üzrə inkişaf etdiyini deyən Dato Haji Azizan Noordin media təmsilçilərinin iştirakı ilə bu tip səfərlərin ölkələrin qarşılıqlı tanınması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirdi:
“Bizim nazir bir neçə dəfə sizin ölkədə olub. İnanıram ki, ölkələrimizin təbliği istiqamətində çox iş görə bilərik. Malayziyanı təbliğ etmək məqsədilə biz Azərbaycana gedə bilərik. Sizdən olan nümayəndələr də Malayziyaya gələrək Azərbaycanı təbliğ edə bilərlər”.
Malayziyaya çatmağımızın ertəsi günü bizi Kedah, Penanq, Lanqkavi, Putrajaya və Kuala Lumpura maraqlı səyahətlər gözləyirdi.
Asiyanın cənub-şərq ucqarlarında yerləşən Malayziya maraqlı, tarixi və müxtəlifliklərlə zəngin olan ölkədir. Səfərdə olduğumuz 10 gündə ölkənin keçmişi, bu günü və gələcəyinə səyahət etmək imkanımız oldu. Aşağıdakı qeyd edəcəklərimiz isə bu ölkə gözəlliklərinin ancaq cüzi hissəsidir.
Qısa məlumat
Dünyadakı 4 federativ konstitusiyalı monarxiyadan biri olan Malayziya Cənub Şərqi Asiyada yerləşir. Ekvatorial iqlim zonasında yerləşdiyindən ölkədə isti və rütubətli hava şəraiti üstünlük təşkil edir.
Malayziya Federasiyası 2 hissədən ibarətdir: Malay yarımadasında yerləşən qərb hissəsi Yarımada Malayziyası adlanır. Ölkənin Kalimantan adasında yerləşən şərq hissəsi isə Borneodur. Rəsmi dil Malay dili olsa da, ingilis, tamil, çin, hindu dilləri də kifayət qədər geniş istifadə olunur. Malayziya dünyəvi ölkədir. İslam isə ölkənin rəsmi dinidir. Əhalinin təxminən 52%-i müsəlmandır.
Malay xalqı əhalinin təqribən 50%-ni təşkil edir. 20 %-i çinli, yerdə qalanlar isə hindu və digər yerli etnik qruplara mənsubdur.
Beləliklə, Malayziya multietnik, multikonnfessional və multikultural ölkədir.
“Düyü” muzeyi
Səfərimizə Yarımada Malayziyasının şimal qərbində yerləşən Kedah ştatının paytaxtı Alor Setar şəhərindən başladıq. Alor Setar Malayziyada yeganə düyü muzeyi olan yerdir.
Aşağı mərtəbədə isə Malayziyada tarixən düyü becərilməsi prosesini əks etdirən 3 D tipli rəsmlərə bənzər mənzərə ilə qarşılaşdıq.
Divarüstü rəsmlərə baxmaq üçün ətrafda gəzməyə ehtiyac yoxdur. Ayaqlarımızın altında yavaş-yavaş fırlanan döşəmə bütün prosesi addım-addım müşahidə etməyə şərait yaradırdı. Beləcə, döşəmə fırlandıqca qədim zamanlarda Malayziya insanının düyü əkini ilə necə məşğul olduğu, bazarlara satışa çıxarması, bir sözlə, həyat tərzi barədə mənzərələr gözümüzün önündə canlanırdı.
Bununla yanaşı, qədim dövrlərin həyat tərzini əks etdirən modellər və düyü becərilməsi zamanı istifadə olunan tarixi alətlərdən ibarət sərgi də muzeyin əsas eksponatları arasındadır.
Bələdçimizin dediklərinə inansaq, Malayziya geniş düyü plantasiyalarına malik olsa da, bu sahədə daxili tələbatı ödəməkdə çətinlik çəkir və qonşu ölkələrdən idxal etmək məcburiyyətində qalır.
Şəhər turumuzun sonunda dünyadakı ən gözəl 10 məsciddən olan Zahir məscidini görmək fürsətimiz oldu. Zahir məscidi həm də hər il baş tutan Quran oxuma yarışlarının keçirildiyi yerdir.
Cənub-Şərqi Asiyanın ən qədim sivilizasiyası - Sungai Batu
Kedah ştatı həm də Cənub-Şərqi Asiyanın ən qədim sivilizasiyası olan məkandır. Sungai Batu arxeoloji tapıntılar mərkəzində aparılan son qazıntılar nəticəsində gəmi, bənd qalıqları, dəmir əridilməsi üçün xüsusi emalatxanalar, eləcə də eramızın 2-ci əsrinə aid olan inzibati binalar tapılıb.
Son araşdırmalar nəticəsində aşkarlanan dəyirmi formaya malik abidənin isə Cənub Şərqi Asiyada tapılan ən qədim məbəd olduğu güman edilir.
Bələdçilərin dediyinə görə, vaxtilə çayın keçdiyi bu ərazilərdən tapılan dəmir filizi emalatxanaları, bənd və gəmi qalıqları bu məkanın zamanın iri ticarət limanlarından biri olduğunu deməyə əsas verir. Ticarət mərkəzinin və ümumiyyətlə, bu ərazilərin alt-üst olmasına sunamilərin səbəb olduğu ehtimal edilir. Hazırda Sungai Batu kompleksində gənc arxeoloqlar araşdırmaları davam etdirirlər. Aşkarlanan mühüm tapıntılar isə yaşlarının müəyyən olunması üçün universitetlərə göndərilir.
“İşıqlar festivalı” - Deepavali
Növbəti dayanacağımız Malayziyada əsasən də hindu əhali arasında məşhur olan Deepavali festivalının keçirildiyi Kulim şəhəridir. İşıqlar festivalı olaraq, tanınan Deepavali “xeyirin şər üzərindəki qələbəsi”ni təmsil edir.

Ölkə üzrə Deepavali festivalının keçirildiyi yerlərdə olan Malayziyanın baş naziri Datuk Seri Nəcib Razak və onu müşayiət edən xanımı Datin Seri Rosmah Mansor bizim canlı şahidi olduğumuz Kulim şəhərindəki festivala da qatılır. Xarici qonaqları salamlayan baş nazir Deepavali münasibətilə Malayziya xalqını təbrik edir və ardınca rəngarəng rəqslər, musiqilər, tamaşalar nümayiş olunur.

Corctaun - müxtəlifliklər şəhəri
Yarımada və ada hissələrindən ibarət olan Penanq ştatının Corctaun şəhəri Malayziyada gəzdiyimiz ən rəngarəng turistik məkan oldu.
Ştatın paytaxtı onun əsasını qoyan kapitan Frensis Layt tərəfindən Britaniya kralı III Corcun şərəfinə Corctaun adlandırılıb.
Tarixi mənbələrə görə, hərbçi Layt Kedah sultanını bu torpaqları Britaniyanın Ost Hind şirkətinə güzəştə getməyə inandırır. Sultanla razılaşmaya nail olduqdan sonra F. Layt burda ticarət limanı yaradır və beləcə, Cənub Şərqi Asiyada ilk Britaniya koloniyasının əsasını qoymuş olur.
Əfsanələrə görə, bu torpaqlarda Kornvalis qalasını tikməyi planlaşdıran F. Layt hiyləyə əl ataraq, toplardan cəngəlliyə qızıl sikkələr atılmasını əmr edir. Bununla da əhalinin cəngəllikdə qiymətli metallar olmasına inanmasını təmin edir. Qızıl axtarmaq və zəngin olmaq həvəsilə yerli əhali cəngəllikləri demək olar, tamamilə məhv edir və kapitanı arzusuna xeyli yaxınlaşdırır. Bununla da F. Laytın qalanı tikməsinə heç bir maneə qalmır.

Əlbəttə, bu ağıllı taktika F. Laytın işini xeyli asanlaşdırır, lakin gələcəkdə ağır nəticələri olacaq aha böyük fəlakətə yol açır. Belə ki, sahilboyu ağaclar olmadığı üçün 2004-cü ildə baş verən sunami Corctaun sahillərini dağıdır. Özündən geriyə isə ölü insanlar, dağılmış evlər və yarımçıq qalmış xoşbəxtliklər qalır. Hətta bir ailənin 7 uşağından 5-i təbii fəlakət nəticəsində həyatını itirir.
Hazırda Malayziya hökuməti “mangrove” adlanan bitki növlərinin sahilboyu ərazilərdə əkilməsini nəzərdə tutan proqram üzərində işləyir. Bunun səbəbi isə bu kol bitkisinin mürəkkəb və möhkəm kök sistemi vasitəsilə dalğa enerjisinin dağıdıcı qüvvəsinin qarşısını almasıdır. Kapitan Laytın taleyinə gəldikdə, o, malyariya xəstəliyinə tutularaq, ölür və hələ də Corctaunda mövcud olan protestant qəbiristanlığında dəfn edilir.
Protestant qəbiristanlığı barədə öyrəndiklərimiz bizi dəhşətə gətirmədi desəm, yalan olar. Belə ki, bu qəbiristanlıq evlənməyə hazırlaşan cütlüklərin sevimli fotosessiya məkanıdır. Başqa sözlə, toy fotosessiyalarının protestant qəbiristanlığı ərazisində keçirilməsi bir dəbə çevrilib. Bu dəb əsasən, çinli cütlüklər arasında yayılan tendensiyadır.
Corctaunu unikal edən əsas məqam onun Harmoniya küçəsidir. Bu küçə hər kəsin ömründə bir dəfə də olsa, baş çəkməli olduğu məkanlardandır. Belə ki, yolun bir istiqaməti üzrə 4 əsas dinə aid ibadətgahlar yerləşir. Məscid, kilsə, buddist və hindu məbədləri şəhərin eyni küçəsindədir.
“Kiçik Hindistan” , Corctaunun küçə incəsənəti və Moda həftəsi
Hindistanda olmaq üçün heç də həmişə uzaq məsafələr qət etmək lazım olmur. Corctaunun mərkəzində elə Hindistanı tapmaq olar. Bu etnik anklava daxil olar-olmaz insanda Hindistandaymış kimi təəssürat yaranır. Mağazalar, restoranlar, dükanlar və ən əsası səslənən musiqilər Hind filmlərini xatırladır.

Corctaun həm peşəkar və həm də həvəskar küçə incəsənəti ilə məşhurdur.

İl sona yaxınlaşdığı zaman Malayziya alış-veriş sevənlər üçün cənnətə çevrilir. Hər ilin noyabr-dekabr aylarına təsadüf edən endirimlər qonşu ölkələrdən turistləri özünə cəlb edir. Ona görə də, Malayziyaya səfər etmək istəyiniz varsa, il sonuna planlaşdırmaq yerinə düşər. Hökumət səviyyəsində dəstəklənən bu kampaniyalarda əsas məqsəd Malayziyanı həm də qlobal miqyasda alış-veriş turizminin mərkəzinə çevirməkdir.
Növbəti dayanacaq - “Andaman mirvarisi”
Corctaundakı turdan sonra bizi Malayziyanın ən gözəl kurort məkanlarından biri, Andaman dənizi sahilində yerləşən Lanqkavi gözləyirdi. Günümüzün çiçəklənən turistik məkanı deyilənlərə görə, uzun əsrlər lənətlənmiş torpaqlar olub.
Əfsanələrə görə, haqsız yerə zinada günahlandıran Mahsuri adlı qız bıçaqla öldürüləndən sonra bu torpaqları lənətləyib. Onun ölümündən sonra uzun əsrlər Lanqkavi inkişaf etməyib. Ard-arda hücumlar, işğallar baş verib və yalnız XX əsrin sonlarında Lanqkavi turistik zonaya çevrilərək inkişaf yoluna qədəm qoyub.
Hazırda Lanqkavi turistlərin ən sevdiyi istirahət zonalarından biridir. Çoxlu xırda adadan ibarət olan Lanqkavinin gözəl mənzərəsini seyr etmək üçün “Langkavi Skycab” vasitəsilə tura çıxdıq.
Cəngəllik təbiətini yaxından izləmək məqsədilə növbəti gün “Kilim Karst Geopark”-da dolaşdıq.
Əvvəlcə mangrove turu ilə başladıq. Bu səyahət parkdakı cəngəlliklər və orda yaşayan canlı aləmlə tanış olmaq üçün əla imkan oldu. Mangrove kollarını yaxından görə bildik. Suyun üstündən görünən bitkinin kök sistemi, həqiqətən də mürəkkəb və möhkəm quruluşa malik idi.


Bundan başqa, Lanqkavi “shopping” həvəskarları üçün əla fürsətlər açır.

Bulanıq estuari - Kuala Lumpur
Malayziya səfərinin yekunu olaraq, son dayanacaqlarımız federal ərazi vahidləri olan Kuala Lumpur və Putrajaya oldu. Kuala Lumpur Selanqor ştatı daxilində yerləşən Malayziyanın 3 federal ərazi vahidindən biridir. Ətrafı başdan-başa yaşıllıqlar olan bu müasir şəhər dünyanın ən hündür əkiz qüllələrinə - Petronas əkiz qüllələrinə ev sahibliyi edir. Petronas qüllələri şəhərin ürəyində yerləşir.
Kuala Lumpur adının nə mənaya gəldiyi ilə maraqlananlar üçün deyək ki, hərfi olaraq bu adın mənası “çirkli estuari” deməkdir. Şəhər iki çay - Qombak və Klanq çaylarının birləşdiyi məkanda yerləşir.

Bir neçə inzibati idarə və parlamentdən başqa, bütün inzibati mərkəzlər Kuala Lumpurdan yenicə tikilən Putrajayaya köçürülüb. Lakin Malayziya kralı Kuala Lumpurda yaşayır və şəhər yenə də ölkənin ən iri maliyyə və kommersiya mərkəzi olaraq qalır.

Malayziyanın hazırkı kralı Yanq di Pertuan Aqonq dünyanın seçki yolu ilə seçilən bir neçə monarxından biridir. Ştatların rəhbərləri olan sultanlar 5 ildən bir toplanaraq növbəti müddət üçün Malayziya kralını seçirlər.
Kuala Lumpur Milli Meydanı ilk dəfə olaraq, Britaniya imperiyası bayrağının endirilib əvəzində Malayziya bayrağının qaldırıldığı məkandır. Meydanda Malayziyanın sabiq baş nazirləri və indiki baş nazirin portretləri yerləşir.

Meydanın əks tərəfində Britaniya müstəmləkə aristokratiyasının görüş məkanı olan “Royal Selangor Complex” yerləşir.

Milli Meydanının yanında yerləşən Kuala Lumpur “City Gallery” şəhərin hekayəsini miniatür modellər və şou vasitəsilə işıqlandırır.

Maraqlısı budur ki, Kuala Lumpur kimi inkişaf etmiş şəhərin düz ürəyində kənd yerləşir. Ətrafda baş verən bütün inkişafa baxmayaraq, Kampunq Baru adlanan bu kəndin sakinləri həyat tərzlərini dəyişməməyi və toxunulmaz qalmağı üstün tutublar. Kampunq Baru kəndinin sakinləri dəfələrlə Malay həyat tərzini saxlamaq istədiklərini əsas gətirərək sahibkarların təkliflərini rədd ediblər.

Putrajaya - yeni tikilən inzibati mərkəzdə Malayziya baş nazirinin ofisi yerləşir.

Beləliklə, Kuala Lumpur və Putrajayaya olan turla biz Malayziya üzrə səfərimizi yekunlaşdırdıq. Xeyli maraqlı yerə baş çəkməyimizə baxmayaraq, əminəm ki, hələ görməli-gəzməli çox məkan bizim üçün kəşf edilməmiş qaldı. Malayziya Asiyanı kəşf edə biləcəyiniz bir məkandır...
Malayziyaya səfər etməklə Çin, Hindistan və bir çox Cənubi Asiya cəmiyyəti ilə tanış olmaq mümkündür. Ən çox qiymətləndirdiyimiz məqam anklav ərazilərdə hər elementin sünilikdən tamamilə uzaq, çox təbii olması idi. Burda hər ştat, hər şəhər, bütün küçələr, hətta mağazalar öz hekayələrini qoruyub saxlayıb. Onların insanlara təqdim edəcəkləri ən böyük sərvətləri özünəməxsusluqlarıdır...
Türbət Bağırova
Bakı - Kuala Lumpur - Bakı