Bakı-APA. Suriyada vəziyyət getdikcə gərginləşir və ölkə gələcəkdə «ikinci Somali»yə çevrilə bilər. BMT və Ərəb Dövlətləri Liqasının birgə nümayəndəsi Lahdar İbrahimi belə bir bəyanatla çıxış edib.
«Cenevrə sazişlərinin əsasında münaqişənin həllini tapmaq olar. Bu həll 2013-cü ildə mütləq tapılmalıdır. Münaqişənin başlanmasının ikinci ildönümünədək (martadək) tapılsa daha yaxşı olar. Əks halda, ölkə süquta uğrayaraq ya əsl cəhənnəmə çevriləcək, ya da ikinci Somali olacaq. Suriya Yuqoslaviya kimi sadəcə ayrı-ayrı dövlətlərə bölünməyəcək, o mütləq Somali kimi olacaq», deyə İbrahimi bildirib.
Xüsusi nümayəndə həm müxalifətin, həm də prezident Bəşər Əsədin siyasi prosesi başlamaq istəməməsindən şikayətlənib.
Suriyada daxili münaqişə 2011-ci ilin martında başlayıb. BMT-nin məlumatına görə, indiyədək qarşıdurmada 30 minədək insan həlak olub.