Bakı-APA. Misir polisi İsgəndəriyyə şəhərində gecə saatlarında 14 nəfərin ölümü və 500-dən çox insanın yaralanması ilə nəticələnən iğtişaşların 70-dən çox iştirakçısını saxlayıb.
APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi xəbərə görə, ötən gün “Müsəlman qardaşlar” hərəkatının lideri Məhəmməd Badianın çıxışından sonra onun tərəfdarları ölkənin bir neçə iri şəhərlərində iğtişaşlar törədiblər. Ən qanlı toqquşmalar isə İsgəndəriyyə şəhərində müşahidə olunub. Tərəflər odlu və soyuq silahlardan istifadə ediblər. İyulun 5-dən 6-na keçən gecə baş vermiş iğtişaşlarda 30-dək şəxs ölüb, 1000-dən çoxu isə yaralanıb.