Bakı. Könül Cəfərli – APA. İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvinin övladları ev dustaqlığına məhkum edilmiş valideynlərinin son vəziyyətini açıqlayıblar.
APA-nın məlumatına görə, onlar bildiriblər ki, iki aydır valideynlərindən heç bir məlumat ala bilmirlər: “Buna səbəb onlarla görüşə və telefonla danışmağa icazə verilməməsidir. Son görüşümüzdə valideynlərimizin sağlıq durumu yaxşı deyildi. Son aylarda atamız ürək-damar sistemində yaranmış problemlərə görə bir neçə dəfə təhlükəsizlik qüvvələrinin nəzarəti altında xəstəxanada qısamüddətli müalicə alıb”.
Onlar ata-analarının ev dustaqlığında saxlanılmasını qeyri-qanuni və özbaşınalıq adlandıraraq, bu addımı adam oğurluğuna bənzədiblər, valideynlərinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.
Qeyd edək ki, M.Musəvi İranda 2009-cu ildə keçirilmiş prezident seçkilərinə ölkə müxalifətindən namizəd kimi qatılıb. Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnmiş prezident seçkilərinə etiraz etdiyi üçün həyat yoldaşı Zəhra Rəjnəvərdlə birlikdə ev dustağı cəzasına məhkum edilib.