Bakı. Könül Cəfərli - APA. “Altılıq” ölkələri müstəqil dövlətlərin haqqına hörmət etməlidirlər”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, növbəti müzakirələrin keçiriləcəyi yeri müəyyənləşdirmək üçün İran Ali Milli Təhlükəsizlik Şurası katibinin mavini Əli Bagiri ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt arasında danışıqlar davam edir: “Yerlə bağlı hər iki tərəfdən təkliflər var. Nəticə müzakirələrdə iştirak edəcək heyət tərəfindən təsdiq edilməlidir. Danışıqlarda müsbət nəticə əldə etmək üçün “altılıq” ölkələri müstəqil dövlətlərin haqqlarına məntiqli mövqedən yanaşaraq hörmət etməlidirlər”.
R.Mehmanpərəst Suriyada qaçırılan iranlılarla bağlı sualları da cavablandırıb. O bildirib ki, onların sərbəst buraxılması üçün İran var gücüylə çalışır: “Əldə etdiyimiz məlumata görə, onların səhhətində problem yoxdur. İranlıları qaçıran qruplarla əlaqəsi olan ölkələr də onların sərbəst buraxılması üçün çalışırlar”.