Bakı. Real Cəfərli - APA. İran Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani İranla “altılıq” ölkələri arasında nüvə məsələsində əldə olunmuş razılaşmanı pozmaq istəyən qüvvələri tənqid edib.
APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, Rəfsəncani bildirib ki, İran və ABŞ-dakı mühafizəkarlar həll yolunu yalnız müharibədə görürlər: “İranda 14 iyun prezident seçkilərindən və Cenevrə razılaşmasından sonra ölkələrə qarşı təhdidlər azalıb. Belə ki, İranda yeni hökumət iş başına gəlməzdən əvvəl ölkəmiz müharibə riski və sanksiyaların sərtləşdirilməsi təhlükəsi qarşısında idi. Ancaq indi ölkələ İranla həm siyasi, həm də iqtisadi əlaqələr qurmaq istəyirlər”.
Eks-prezident deyib ki, bir çoxları xalqı şüarlarla aldadaraq pulları öz ciblərinə qoydular: “Xalqın pulunu ondan aldılar və baş aldatdıqlarını düşünərək həmin pulun bir hissəsini ona yenidən geri verdilər. Ancaq sonrakı proseslər alqın əksəriyyətinin aldanmadığı göstərdi. Bəlkə də müzakirələr bəlaları minimuma endirmək üçün ən yaxşı addımlardan biridir. Əlbəttə, İranın xarici banklarda dondurulmuş əmlakının bir hissəsinin geri qaytarıldığını görməmək olmaz. İranla dünya arasında yaxşı əlaqələrin qurulduğunu unutmaq olmaz”.
Rəfsəncani vurğulayıb ki, ABŞ-dakı mühafizəkarlar nüvə danışıqlarının məsuliyyətini özü daşıması üçün prezident Barak Obamaya Cenevrə razılaşması ilə bağlı təzyiq göstərirlər: “Hər iki tərəfdən olan mühafizəkarlar da problemin yeganə həll yolunun müharibə olduğunu düşünürlər. Əgər ali dini lider İranın nüvə müzakirəçilərinin yanında olmasaydı və onları dəstəkləməsəydi, onda mühafizəkarlar danışıqların aparılmasına icazə verməzdi. Əgər rəhbər vaxtında addım atmasaydı, onda mühafizəkarlar hökumətə və nüvə müzakirəçilərinə zərər verərdilər”.
Eks-prezident sonda üç ildən çoxdur ev dustaqlığında saxlanılan İran müxalifətinin liderləri Mirhüseyn Musəvi, onun həyat yoldaşı Zəhra Rəhnəvərd və Mehdi Kərrubinin də vəziyyətinə toxunub: “Bu böhrana son qoyulacağına ümid edirəm”.